Mənə çox sual verirlər ki, iqtisadi ekspert kimi niyə dünya bazarında neftin qiymətinin aşağı düşməsindən danışmıram? Bu tənəzzül nə həddə qədər davam edəcək və ən əsası bizim ölkəyə necə təsir göstərəcək? Düzünü deyim ki, bu kimi məsələlərə ciddi yanaşa bilmirəm. Bilirsinizmi, mənim üçün hər şeydən öncə insan resurslarıdır. Onunla bağlı problemlərin üzərindən keçib iqtisadi rəqəmləri və nəticələri təhlil etmək heç ürəyimə sinmir.
İqtisadi münasibətlər bəşər tarixində yaranan ən ibtidai münasibətlərdəndir. İnsan fiziki varlıq kimi özünü tanıyandan bəri mal mübadiləsinə başlamışdır. Sadəcə, bu mübadilə bu gün mikro, makro, mezo və meqo kimi iqtisadi sferalara bölünərək mürəkkəb sosial, ictimai, elmi texniki ümumi təsərrüfat sistemləri anlayışlarını əhatə edir. Neft və başqa faydalı qazıntılar qismən sənayeləşdirilmiş halda, kənd təsərrüfatı, meşəçilik, ovçuluq, balıqçılıq, əkinçilik və s. ibtidai iqtisadi fəaliyyət növlərindən olub birinci sektora aiddir.
Təəsüflər olsun ki, biz
ikinci və üçüncü sektor iqtisadi sistemlərə nüfuz etsək də hələ də lazımi nəticələri
əldə edə bilməmişik. Bu da iqtisadiyyatımızın strateji məhsulumuz olan neftdən
və qazdan asılı olması deməkdir. Nədənsə bu qaçılmaz bir gerçəklikdir ki, neft
ixrac edən ölkələrin əksəriyyəti bu cür əsaslı sıçrayışlar edə bilmirlər. Mənə
elə gəlir ki, bu zərurətdən meydana gələn gerçəklikdir.
O ki, qaldı neftin qiymətinin azalmasına, yəqin
ki, vəziyyətdən çıxmaq mümkün olacaq, sadəcə kisənin ağzını bir qədər daraltmaq
lazımdır ki, büdcə israfçılığına yol verilməsin. Neftin ucuzlaşması daşınmaz əmlak
bazarına, ictimaətə qapalı olan fond bazarına, əmək bazarına, sənaye istehsalı,
əqli mülkiyyət, xidmətlər bazarına və bu kimi başqa sahələrə təsir göstərə bilər.
Amma bütün bunlardan daha çox məni narahat edən insanların mənəvi dəyərlərinin
aradan qalxmasıdır, məktəblidən tutmuş ahıl yaşlı insanların yalanlarla zəhərlənmiş
həyatıdır, rəngini itirməkdə olan həyatın mənasızlığıdır.
Mən insanları təkcə
fiziki varlıq kimi qəbul etmirəm. Onlar cismani mövcudluğundan daha pak olan mənəvi
varlıqlardırlar. Amma maddiləşmənin (tamahkarlığın) bu qədər ifrat həddi cəmiyyəti
çox ciddi deqrodasiyaya uğratdığı üçün mən zəngin həyatı da cəhənnəm əzabı kimi
qavrayıram. Bəlkə də mən yanılıram. Düz fikirləşmirəm. Yəqin bilirəm ki, cəmiyyətin
həyatının bütün sahələri onun təfəkkürü ilə əlaqəlidir. Sağlam düşüncə olmasa iqtisadi
təfəkkür də sağlam ola bilməz.
Son zamanlar mətbuatda
tez-tez səslənən bir xəbər məni daha çox sarsıdır. “Peyğəmbərin evi plana
düşdü”. Yəqin ki, sosial mediada bu
başlıqlı linklərə çoxlarınız rast gəlmisiniz. Görün, dünya nə qədər aşınıb! Bədəvi
üçün yer tapılmadı ki, İslam peyğəmbərinin müqəddəs tarixi evini uçurub onun
yerində nə isə inşa edirlər? Siz elə bilirsiniz ki, bu az bir şeydir? Bu həqiqətən
də bəşəriyyətin sonu deməkdir. Mənə elə gəlir ki, bundan sonra Allahın bizim
özümüzü plana salmasına şahid olacağıq. Necə ki, ALLAH-sızlıq üzündən dünya
ziddiyyətlər və qanlı qarşıdurmalarla nalə çəkir. Ona görə də məni üzürlü hesab
edin, rəqəmlərdən heç danışmaq istəmirəm.