Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında yaxın gələcəkdə orta ümumtəhsil məktəblərində dini dərslərin keçirilə biləcəyini vurğulayıb. M.Qurbanlının sözlərinə görə, cəmiyyətdə dini maariflənməyə ehtiyacın olduğu birmənalıdır.
Məlumat üçün qeyd edək
ki, bundan öncə də orta məktəblərdə İslam dininin tədrisi ilə bağlı müəyyən təkliflər
səsləndirilsə də, bunların heç biri reallıqda öz əksini tapmayıb. Lakin bununla
belə bəzi siyasilər tədris müəssisələrində İslam dinin tədrisinin müsbət, hətta
zəruri olduğu qənaətindədirlər.
Moderator.az saytı və “Hürriyyət”
qəzetinə açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa orta
məktəblərdə dini dərslərin tədrisinin məqsədəuyğun olduğunu, belə bir addımın
yalnız fayda verə biləcəyini qeyd etdi:
“Orta məktəblərdə dini dərslərin tədrisi çox
müsbət bir hadisə olar. Dinlər haqqında məlumatın verilməsi, dinlərin, xüsusilə
də İslam dininin təməl mahiyyəti ilə bağlı şagirlərə lazımi informasiyalarn
verilməsi vacibdir. Məncə bu, çox müsbət bir təklifdir və bu təklif uzun müddətdir
ki, cəmiyyətdə gedən müzakirələrin yekunu olaraq ortaya çıxıb. Görünür Mübariz
müəllim də cəmiyyətdəki bu fikirləri nəzərə alaraq belə bir açıqlama verib”.
F.Mustafanın sözlərinə
görə, İslamın orta məktəblərdə tədrisi dinin əslində olduğu kimi təbliğinə şərait
yarada bilər ki, bu da cəhalətin aradan qaldırılması, insanların həqiqi İslama
yiyələnməsi baxımından vacibdir:
“Cəhalətin əvəzinə
insanların bilgi sahibi olması vacibdir ki, onlar sonradan hər hansı bir şəkildə
radikalizmin, yanlış dini görüşlərin təsiri altına düşməsinlər. Dini hansısa
siyasi vasitəyə çevirməkdən daha çox özlərinin həyat şəraiti və əxlaqlarını təkmilləşdirmək
vasitəsi kimi görsünlər. Dini siyasətin içindən çəkib çıxartmaq üçün ciddi
maarifçiliyə ehtiyac var. Bu, çox zaman cəhalətdən qaynaqlanır. Buna görə də, cəmiyyət
tərəfindən də bu fikirlər dəstək ala bilər”.
Din xadimləri üçün vahid
formanın müəyyənləşməsi ilə bağlı verilən qərara da münasibət bildirən millət vəkili,
bu dəyişikliyi müsbət qiymətləndirmədiyini vurğuladı. Millət vəkilinin sözlərinə
görə İslam dinində din xadimi ayrıca status təşkil etmədiyi üçün onlara hansısa
ayrıcalıq tanımaq da düzgün sayıla bilməz:
“Din xadimlərinin vahid
formaya keçilməsini yanlış addım kimi qiymətləndirirəm. “Din xadimi” anlayışı İslam
dinində yoxdur. Məlum olduğu kimi İranda din xadimləri müxtəlif cür geyinirlər.
Seyidlər bir cür geyinir, ayətullalar, yüksək rütbəli ruhanilər başqa cür
geyinir. Onları geyimlərindən tanımaq mümkündür. Geyimlər onların hansı ranqdan
olduğunu göstərir. Fəqət reallıq bundan ibarətdir ki, İslamda din xadimi ayrıca
bir status deyil. Ayrıca bir status deyilsə onun vahid geyimdə və ya fərqli
geyimdə olmasının heç bir önəmi yoxdur”.
F.Mustafanın fikrincə, İslamın
təbliği ilə məşğul olan şəxslərin geyiminə deyil, danışıq və davranışına diqqət
yetirmək daha mühüm əhəmiyyət kəsb edir:
“Dinlə məşğul olan şəxslər
üçün önəmli olan budur ki, o, ağıllı davransın. Onun ağıllı davranışı isə səsləndirdiyi
fikirlər, verdiyi mesajlardır. Cəmiyyəti barışığa səsləməli, cəmiyyətdə münasibətlərin
daha sağlam zəmin üzərində formalaşdırılmasına çalışmalıdır. Bu cür addımları
sitimullaşdırmaq lazımdır”.
Millət vəkilinin qənaətincə,
din xadimləri üçün vahid formanın tətbiqi bu sahənin rəsmi xidmət növü kimi müəyyənləşməsi
deməkdir ki, bu da heç bir halda düzgün hesab edilə bilməz:
“Bu gün cəmiyətdə hər cür
xidmət var. Gömrük xidməti, vergi xidməti, polis xidməti, miqrasiya xidməti və
s. Dindarlar arasında vahid formanın tətbiqi o deməkdir ki, bu da rəsmi xidmət
sahəsinə çevrilir. Bu isə yolverilməzdir. Bu, ruhani sferasıdır. Bu sfera
altında insanlar arasında ayrıcalıq, fərqlilik tətbiq etmək olmaz. Dini təbliğ
edən insan hansı formada olmasından asılı olmayaraq öz fikirlərinə, davranışına
görə qiymətləndirilməlidir”.
Millət vəkili hesab edir
ki, din xadimləri üçün vahid formanın tətbiqi sui-istifadə hallarına da şərait
yaradır. Bütövlükdə isə bu yeniliyin hansı məntiqlə irəli sürüldüyü məlum
deyil:
“Əslində vahid dini
formaya keçid bir sui-istifadəyə də yol aça bilər. Buna görə də mən bunun məntiqli
izahını görmürəm”.
Seymur Əliyev