Moderator.az bu günlər mətbuatın baş mövzusuna çevrilmiş Kəlbəcərdə ermənilərə girov düşmüş 2 mülki vətəndaşımızla bağlı Norveçdə mühacirətdə yaşayan müdafiə nazirinin keçmiş müavini, polkovnik İsa Sadıkovun fikirlərini öyrənib, onu təqdim edirik:
-İsa bəy, vəziyyətdən çıxış yolu kimi ilkin olaraq nə təklif edərdiniz?
-Çalışmaq lazımdır ki, çox hay-küy qalxmasın. Ancaq Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə və beynəlxalq təşkilatların rəhbərliyinə müraciət etmək lazımdır ki, onların həyati təhlükəsi aradan qalxsın, onlara işgəncə verib incitməsinlər, şikəst etməsinlər və o cür oğulları bədbəxt etməsinlər. Çünki ermənilərdən nə desəniz gözləmək olar.”
-Necə düşünürsünüz, Azərbaycan antiterror əməliyyatına və ya ermənilərin iddia etdiyi kimi diversantlarla partizan müharibəsinə başlasa uğur qazanmaq olarmı?
-Qətiyyən belə fikirlərə düşmək doğru deyil. Amma əvəzində daha vacib işlər görmək olar. Şəxsən mən öz təcrübəmdən deyirəm ki, 92-ci ilin dekabrdında erməni tərəfinin bəzi dərin mövqelərində elə toplar var idi bizim kəşfiyyat onların yerini müəyyənləşdirməkdə çətinlik çəkirdi. Özü də qış idi deyə onların mövqeləri barədə dəqiq informasiya almaq çətin olurdu. Amma mənə məlumatlar çatırdı ki, Qazada və Ağstafada oğrular var, onlar asanlıqla ermənilərin nəinki mövqelərinin dərinliklərinə, hətta ordan da o tərəfə keçərək kəndlərdən mal-qara gətirirlər. Mən dəfələrlə onları yığıb xahiş etmişəm ki, bizə kəşfiyyat məlumatları lazımdır. Onlar da dedilər ki, biz onların nələrinin harda olduğunu beş barmağımız kimi bilirik. Təfərrüatlara varmaq istəmirəm, bundan sonra həmin adamlar dəfələrlə bələdçi rolunda bizə misilsiz köməklik etdilər, kəşfiyyat məlumatları gətirdilər.
Kəlbəcərdə ermənilərin girov götürdükləri mülki vətəndaşlarımıza gəldikdə isə bu insanların necə cəsarətli olduqlarıyla həm fəxr edilməli, həm də onların xilası üçün bütün səviyyələrdə təxirəsalınmaz iş aparılmalıdır ki, öz ata-babasının vəhşicəsinə dağıdılmış məzarını ziyarət etmək nə vaxtdan diversiya olub? Məni təəccübləndirən və təəssüfləndirən bilirsiniz nədir? Bunlar öz doğma yurdlarına dəfələrlə gediblər, bundan Müdafiə Nazirliyi rəhbərliyi də xəbər tutmaya bilməzdi. Yəni onlar bilirdilər ki, bu uşaqlar heç kimə demədən sərhəddi keçib Kəlbəcərə gedirlər. Bəs niyə bunun qarşısını almayıblar? Vaxtında bunların qarşısını almaq lazım idi və bu insanların xidmətlərindən səmərəli istifadə etmək lazım idi. Bunlara ciddi hazırlıq keçərək istifadə etmək və yüksək maaş vermək lazım idi ki, qiymətli kəşfiyyat məlumatları gətirə bilsinlər. Əgər vaxtında bu istiqamətdə addımlar atılsaydı, o cür cəngavər oğullar gedib elə ehtiyatsızlıq etməzdilər, araq içib dana kəsmək, yaxud eşitdiyimə görə həmin ərazidən zəng etmək düşmən içində olan adam üçün ən bağışlanılmaz səhvdir və bunun məsuliyyəti həm də Müdafiə Nazirliyinin üzərindədir. Bir peşəkar hərbçi kimi tam əminliklə deyirəm ki, bu cür yüksək hazırlanmış bir bələdçinin etdiklərini on min nəfərlik briqada edə bilməz. Amma çox təəsüflər olsun ki, biz belə adamları başlı-başına buraxaraq onların bədbəxtliyində pay sahibi olduq.
-Azərbaycanda Dilqəm və Şahbaz kimi minlərlə cəngavər oğullar var ki, onları hazırlamaq lazmdır, bəs niyə bunu etmirik?
-Çox haqlısınız. Mən dəfələrlə elə sizinlə söhbətimizdə demişəm ki, sərhədboyu ərazilərdən keçən adamları çağırıb onlarla profilaktik söhbət etmək, lazım gəldikdə isə iş aparmaq lazımdır. O insanlar ki, işğal olunmuş ərazilərdən didərgin düşüblər və öz yurd-yuvalarının gizlin yollarını-rizlərini, bəzən də erməni dilini bilirlər, onları toplayıb iş aparmaq lazımdır ki, gedib o cür ehtiyatsızlıq etməsinlər.
Partizan müharibəsinə gəldikdə isə, bu mümkün deyil. Çünki bizim orada əlimizdə olan yaşayış məntəqələri yoxdur ki, onlar hardasa gizlənə bilsin, müəyyən ərzaq və ya silahla təminat əldə etsin. Amma ideal bir şərait var ki, yay aylarında hər cür kəşfiyyat məlumatları toplamaq mümkün olsun.
Bir vacib məqamı da təkrar qeyd etmək istəyirəm ki, bu adamlarımızın başına gələnlərə görə Müdafiə Nazirliyi günahkardır. Necə olur ki, bu insanlar sərhəddi belə asanlıqla dəfələrlə keçib gedə bilirlər? O zaman ola bilər ki, ermənilər də asanlıqla sərhəddi keçib bizim ərazimizdən kəşfiyyat məlumatları toplaya bilərlər. Odur ki, heç olmasa bundan sonra nəticə çıxarsınlar.