“Ağ Yol” Vətəndaş Hərəkatı Mətbuat Xidmətindən Moderator.az-a bəyanat daxil olub, onu təqdim edirik:
"1993-cü ilin iyunu xalqımız üçün çətin
sınaqlar dövrü idi. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə
qalmışdı. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın
daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması,
ayrı- ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş
qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması
planı tam gücü ilə işə salınmışdı.
İki illik müstəqillik tarixinə
baxmayaraq, ölkə təlatümlər dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü
il iyunun 4-də Gəncə qiyamı ölkəni tamamilə xaosa sürükləmışdı. Vəziyyəti nəzarətə
almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti daha da çətinləşdirirdi.
Gəncəyə yola düşən dövlət nümayəndələri
girov götürülmüş, qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli
Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edirdi. Vəziyyət nəzarətdən
çıxır və ətraf rayonların icra başçıları zorla dəyişdirilirdi. Qiyam məhdud Gəncə
civarlarından çıxaraq, üzü Bakıya doğru genişlənirdi.
Artıq vətəndaş müharibəsi başlamış, ölənlər
və yaralananlar haqqında hər gün məlumatlar daxil olurdu. Dövləti məhv olmaqdan
xilas etmək iqtidarında olmayan yetgililərin yeganə çıxış yolu Naxçıvan Ali Məclisinin
sədri Heydər Əliyevi Bakıya dəvət etmək idi.
Bakıya qayıdandan sonra qiyamçılarla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola
düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncədə baş verənlərlə bağlı
arayış verir. Beləliklə, iyunun 15-i 1993-cü ildə Heydər Əliyev Azərbaycan
Respublikası Milli Məclisinin sədri seçilir.
Azərbaycan vətəndaş müharibəsindən
qurtulur, qardaş qanının tökülməsi təhlükəsi aradan qalxır və ölkənin bir neçə
yerə parçalanmasının qarşısı alınır. Bu Prezident Heydər Əliyevin uzaqgörən
siyasəti və dövlətçilik təcrübəsi sayəsində mümkün olur.
Ulu Öndər Heydər Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində bu gün
dünyada güclü, qüdrətli Azərbaycan dövləti öz mövcudluğunu qoruyub
saxlamaqdadır. Ümummilli liderin öz xalqı və dövləti qarşısındakı misilsiz
xidmətləri Azərbaycanın şərəf tarixinə yazılıb.
15 İyun Milli
Qurtuluş Günü xalqın və müstəqil Azərbaycanın tarixində şərəfli və əbədi yadda
qalan gün kimi yaddaşlara həkk olunub.
Fərəhli haldır ki, bu gün Ümummilli lider Heydər Əliyev siyasətinin
Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, ölkəmizin
davamlı inkişafı və tərəqqisi doğma vətənimizin dünyada durmadan artan
beynəlxalq nüfuzundan və Ulu Öndərin müəyyən etdiyi siyasi-iqtisadi kursunun və
inkişaf yolunun alternativsizliyindən xəbər verir.
Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında uğurlu xarici siyasət həyata keçirir. Çox həssas coğrafi məkanda
yerləşən ölkəmiz uğurla aparılan balanslı siyasət nəticəsində regionda stabil
siyasətini qoruyub saxlamaqdadır. Məhz, bu xarici siyasət nəticəsində
təcavüzkar Ermənistan bütün regional layihələrdən təcrid edilib və Azərbaycanın
iştirakı olmadan heç bir regional layihə həyata keçirilmək imkanına malik
deyil. Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan artıq dünyada da söz
sahibinə çevrilib. Bunun bariz nümunəsi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi və iki il ərzində qlobal siyasətin tam mərkəzində
olmasıdır.
“Ağ Yol” Vətəndaş Hərəkatı inanır ki, Azərbaycanı Prezident
İlham Əliyevin rəhbərliyi altında daha parlaq gələcək gözləyir."