Mayın 13-də nəhs gün olsa da Allah savab bir iş görmək nəsib etdi mənə. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Badamdardakı inzibati binasında təsadüfən gözüm bir küncdə yorğun və qəmgin oturmuş yaşlı kişiyə sataşdı. Dərhal anladım ki, bu adam kimdirsə maşın üçün bura gəlməyib və jurnalist marağı ona yaxınlaşıb yanında oturaraq kimliyini öyrənməyə sövq etdi. Bir az ordan- burdan dərdləşəndə bəlli oldu ki, sən demə, həmsöhbətim “Azərpoçt”da poçtalyon işləyir və Dövlət Yol Polisi İdarəsinə məktub gətiribmiş, yorulduğundan birinci mərtəbədəki oturacaqlarda bir az dincəlmək qərarına gəlib və sonda mənim cəngimə keçib. Öyrəndim ki, yaşının bu vədəsində gün ərzində 10-15 kilometr piyada yol qət edən bu çəlimsiz kişinin aylıq məvacibi cəmi-cümlətani 150 manatdır və onun da az qala yarısı gündəlik yeməyinə və yolxərcinə gedir. Bir sözlə, adını yazmağı lazım bilmədiyim həmsöhbətim demək olar ki, anoloqu olmayan milyarder ölkəyə pulsuz xidmət edir. Bu hələ harasıdır? Öyrənirəm ki, məhz elə həmin nəhs gündə-mayın 13-də həmsöhbətimin düz 60 yaşı tamam olur. Bunu eşidib şoka düşsəm də dərhal özümü ələ alıb onu təbrik edir, ürək-dirək verirəm ki, qalmaz belə, qalmaz dünya...
Amma deyəsən, təbrikim də yerinə düşmür və qəhərlənir ki, səhərdən məni təbrik edənlərə deməyə söz tapmıram ki, rəhmətliyin uşağı, nə yubiley, evimdə bişirməyə bir kilo kartoşka belə yoxdur. Jurnalist hiyləgərliyini işə salıb nə illah edirəmsə yubileyini heç olmasa qarnıtox keçirməsi üçün 20 manat pulu ona verə bilmirəm. Amma əvəzində ona söz verirəm ki, sənin və sənin kimi minlərlə maaş alan “bəxtəvər”lərin bu problemini işıqlandıracam və rabitə və yüksək texnologiyalar nazirinin diqqətinə çatdıracam. Nazirin mətbuat sözçüsü, həmkarımız Müşfiq Əmirovun hansı cavab verəcəyi də məncə diqqətçəkən olacaq. Görəsən dostumuz bizə, yoxsa kasıblara qənim olan qanunlarımıza haqq qazandıracaq?
Axı heç olmasa 60 yaşı tamam olan və sözün həqiqi mənasında çörəyi daşdan çıxan bir şəxsi yubileyi münasibətilə hansısa mükafatla sevindirmək olardı. Axı bunu etmək üçün nə yuxarılardan məsləhət almağa ehtiyac vardı, nə kiminsə rəsmi icazəsini almaq. Bunun üçün sadəcə insansevər və Allah adamı olmaq, işçisinin qədrini bilmək lazım idi, onu da bacarmadılar...
Nəhayət, həmsöhbətimlə görüşdən 2 gün sonra dünən ANS telekanalının qarşındakı yolda yenə də təsadüfən rastlaşırıq. Bəlli olur ki, yenə də piyada 4-5 kilometr uzaqda olan Badamdar qəsəbəsindəki poçta gedir. Maşına götürüb yolüstü mənzil başına çatdırırıq. Xeyli dil-ağız edir. Mənsə ona söz verdim ki, səninlə bağlı nazirinə qədər gedib çatacaq hay-küy edəcəm. Razılaşır, ancaq xahiş edir ki, onsuz da işdən çıxmağa qərar verib, daha dözə bilmir, amma adını yazmayım. “Baş üstə” desəm də ürəyimdə həmsöhbətimin sadəlöhvlüyünə acıyıram ki, rəhmətliin oğlu, səni ad günündə sevindirməyi unutsalar da mayın 13-də 60 yaşı tamam olan poçtalyonu tapmağa nə var ki, onların əlində...?
Mən bu ölkənin az-çox imzası tanınan bir yazarı kimi nazir Əli Abbasova və bu yazını oxuyacaq istənilən rəhbər şəxslərə səslənirəm. Tabeçiliyinizdə olan insanların qeydinə qalmaq, ildə yox, 10 ildə bircə dəfə yüngülvari hədiyyə ilə onları sevindirmək bu qədərmi zor gəlir sizə? Bu gün qul kimi yanaşdığınız və mövcudluqlarını az qala unutduğunuz bu işçilərinizə etdiklərinizin əvəzini Rəbbimin hüzurunda verə biləcəyinizimi sanırsınız? Axı enində-sonunda siz də Allahın hüzurunda qulsunuz və məhşər ayağında qul gözüylə baxdıqlarınızdan heç nə ilə fərqlənməyəcəksiniz. Heç olmasa, elə buna görə qulun quldan fərqi olmadığını anlamağa çalışın və bu fani dünyanın savab əməllərini toz basmış bioqrafiyanıza yazmaq fürsətini fövtə verməyin. Neçə ki, gec deyil...