Birinci Qarabağ savaşının qəhrəmanlarından olan “Bozqurd” batalyonunun komandiri Nurəddin Xocanın cəsur döyüşçü İbad Hüseynov barədə səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmadı. Xatırladaq ki, N. Xoca Milli Qəhrəman adı istəməyi vicdansızlıq adlandırıb. Bu azmış kimi Tərtər batalyonunun komandiri, keçmiş icra başçısı Sərdar Həmidov da İbad Hüseynovun əleyhinə fikirlər səsləndirib.
Ancaq millət vəkli, həmin dövrdə bütün cəbhə
boyu döyüşçülərlə bir yerdə olduğundan qəhrəmanları da, qanlı-qadalı döyüşləri
də öz gözləriylə görmüş Aqil Abbas Moderator.az-a açıqlamasında İbad Hüseynov haqqında səsləndirilən fikirləri
qınayır və bu qısqanclığın səbəbini anlamadığını deyir:
“Mən bilmirəm İbadın bu qəhrəmanlığını niyə
qısqanclıqla qarşılayırlar. Götürüb yazıblar ki, guya ərizə yazaraq ona Milli Qəhrəman
adı verilməsini tələb edib. Birincisi, İbad heç vat elə bir ərizə yazmaz. Sadəcə
bir qrip adam Monte Melkonyanı öldürdüyünə görə yox, müharibədə göstərdiyi qəhrəmanlığa
görə belə bir fikir irəli sürüblər. İbad da Azərbaycanın ən böyük
mükafatlarından biri olan ordeni alıb, özü də bu ordeni ulu öndər verib. Heydər
Əliyevin İbad Hüseynovun döyüş yolu barədə müfəssəl məlumatı olub və o səngərdə
də deyib ki, İbad Azərbaycanın milli qəhrəmanıdır. Amma söhbət Milli Qəhrəman
adı verilməsindən getmir. İndi hamı düşüb İbadın üstünə və onun qardaşının icra
başçısı olduğu qabardılır. Amma Ağcabədi və ya Ağdamın bir kolxoz sədrinin səlahiyyəti
İbadın icra başçısı olan qardaşının səlahiyyətindən çoxdur. 3 mindən azca artıq
əhalisi olan bir balaca rayonun icra başçısı haqqında elə fikirlər deyilərmi
heç? Özü də onlar beş qardaş olublar, hamsı da döyüşüb. Bir qardaşları da
batalyon komandiri olub, aldıqları yaralardan iki qardaşı cavan yaşlarında ölüb.
Bunu həm hamı bilir, həm də sənədlərlə əksini tapıb, sübut olunub. İbad
Rusiyadakı asan həyatdan imtina edib və könüllü olaraq bu vətən yolunda
döyüşüb, onun bədəni başdan ayağa qəlpədir. Görmürsünüzmü o heç danışa bilmir,
xəstə, əlil adamdır. Danışanda heç dili də tutmur, amma hamı tökülüb bunun
üstünə. Axı nə olub, bu nə qısqanclıqdır?”
Nurəddinin İbad haqqında səsləndirdiyi fikirlərə
və konkret olaraq “vicdansız” ifadəsi işlətməsinə də deputatın mövqeyini öyrəndik:
“Mən Nurəddini də yaxşı tanıyıram. O vuruşan
adam olub.Nurəddin də o fikri düz işlətməyib. Əslində deməyib ki, İbad
vicdansızdır, deyib ki, indi kimsə Milli Qəhrəmanlıq istəyirsə, həmin adı almaq
üçün ərizə yazırsa, o vicdansızdır. Onun sözlərində də həqiqət var. Yəni 20
faiz torpağı işğal altında olan döyüşçü hətta haqq etsə belə o adı istəməməlidir.
Nurəddin səhv edib elə deyib. Amma o da cəsur döyüşçü olub və müharibə başlayandan
qurtaranadək əsgər paltarı əynində cəbhənin Tərtər bölgəsində vuruşmuş bir
oğlandır. O da müharibə əlilidir və ağır yaralanıb. Amma Nurəddinin İbadla
bağlı dedikləri doğru deyil. Bunların hər ikisi də qəhrəman adamlardır. Bunlar axı
niyə bir-biriylə savaşsınlar? Mən bununla bağlı Nurəddin bəylə də danışacam. Ola
bilsin ki, İbadın adının son vaxtlar daha çox çəkilməsi bəzi döyüşçülərimizi
qıcıqlandırır. Axı onun adını biz çəkmirik ki. Bu gün bütün Türkiyə İbadı milli
qəhrəman kimi tanıyır. Bu adamı Ərdoğan qəbul eləyib. Türkiyədə İbad haqqında
film də çəkilir, kitablar da çap olunur. Onu türk dünyasının qəhrəmanı
adlandırırlar. Yaxşı, gəlin qəbul edək ki, bizdə icra başçısı olan qardaşının xətrinə
hardasa kimlərsə xoş söz dedilər, bəs 3-4 min əhalisi olan bir rayonun icra
başçısının Ərdoğanın yanında sözü keçir? Yoxsa Türkiyə mətbuatında, Türkiyə Qaziləri
Cəmiyyətində sözü keçir? Yəni məsələnin bu cür qoyulması düzgün deyil.”
Millət vəkili bir məqama da diqqət yetirilməsini
vacib hesab edir:
“İbad Hüseynovun toyunda şəxsən ulu öndər ona
telefon açaraq təbrik edib, xoşbəxtlik
arzulayıb. Əgər İbad bir qəhrəman olmasaydı, Heydər Əliyev ona zəng edərdimi?
MTN də onun haqqında film çəkib. Yəni ortada faktalara və materiallara əsaslanan
çox mötəbər sənədli film olduğu halda belə bu adamlar hələ də nəyəsə özlərini
inandırmaq istəyirlər? Özü də çox gözəl bir filmdir. İbadın qəhrəmanlığına inanmayanalar
zəhmət çəkib You tube-dan ona baxsınlar.”