“Yox, nə deyirsiniz deyin, rus yumruğu zarafat deyil”
İ.S.Turgenev ”“ “Ərəfə”
Krımın Rusiya tərəfindən ilhaqından sonra meydana çıxan qlobal siyasi böhran davam edir. Qərbin bütün təkidli çağırışlarını qulaqardına vuran və yeni işğallar hazırlığında olan Rusiya öz soyuqqanlı və qətiyyətli davranışları ilə sözün həqiqi mənasında bütün dünyaya meydan oxumaqdadır. Baş verən hadisələr fonunda diqqəti ən çox cəlb edən məqamlardan biri də əksər politoloqların hələ də sadəlövhcəsinə Rusiyanın iqtisadi-siyasi təzyiqlər qarşısında Krımdan imtina edəcəyi ilə bağlı səsləndirdiyi proqnozlardır. Hansı ki, eyni dərəcədə optimist proqnozlar Rusiyanın Krıma hərbi müdaxiləsindən öncə də səslənməkdə idi və demək olar ki, hər kəs belə bir müdaxiləni mümkünsüz hesab edirdi. Lakin Kreml hər zaman olduğu kimi bu kəs də beynəlxalq hüquq normalarını rus ordusunun çəkmələri altında sınağa çəkməkdən çəkinmədi və bununla da növbəti dəfə bütün təxminlərin üstündə olan dövlət olduğunu isbatladı.
Bəli, Rusiya həmişə təxminlərin üstündə olan bir dövlətdir və onun nə zaman hansı addım atacağını çağdaş, demokratik dəyərlər prizmasından çıxış edərək düzgün bir şəkildə proqnozlaşdırmaq mümkün deyil. Həqiqət budur ki, Rusiya kənar dövlətlərlə münasibətdə sona qədər qarşılıqlı hörmət və fayda prinsipinə sadiq qalmaq zərurətini hiss etmir. Rusiyanın sahib olduğu nəhəng güc ”“ əsl titan gücü onun üçün qarşı tərəfin maraqlarına hörmət etmək zərurətini aradan qaldırır. Çox az sayda ölkə istisna olmaqla bütün dünya Rusiya üçün ehtiyat oyuncaq anbarıdır və Kreml hər dəfə yeni bir əyləncə arzusunda olanda yeni bir oyuncağa əl atır.
Krım olayları həmçinin Rusiyanın bütün dünyaya qarşı qoyacaq qədər gücə sahib olduğunu təsdiqlədi. Kreml bütün dünyaya sübut etdi ki, ABŞ və Avropa ondan iqtisadi baxımdan güclü ola bilər, lakin son, həlledici məqamda əməli addımlar atmaq cəsarəti yalnız Rusiyaya məxsusdur. Hansı ki, dünya yaranandan ən böyük güc, ən təqdirəlayiq hünər məhz cəsarət hesab olunub.
Qərb bəyanatlar, Rusiya isə real addımlar təcəssümüdür. Qərb hərbi əməliyyatlara yalnız öz gücündən kifayət qədər əmin olduğu, habelə cibində bu əməliyyatları qarşılayacaq qədər pul olduğu zaman start verir. Kreml isə Rusiya üçün nə isə qoparmaq imkanının mövcud olduğu istənilən dəqiqədə qarşı tərəfin güc və imkanlarına etina etmədən silaha əl atır. Qərb ağlın, Rusiya isə cəsarət və döyüş ehtirasının yetirməsidir və tarix bu gün də öz zəfər çələngi ilə yalnız Rusiyanı mükafatlandırır.
Biz Rusiyaya olan münasibətimizdən asılı olmayaraq bu dövlətin nəhəng gücünü, onun vəhşi, sövq-təbii cəsarətini inkar edə bilmərik. Rusiyanın yaxın gələcəkdə çökəcəyi ilə bağlı müxtəlif proqnozlarla da özümüzə təsəlli verməyimiz yersizdir. Ən azından ona görə ki, Rusiyanın çöküşü ilə bağlı son 20 ildir ki, verilən bəyanatlar hələ də havadan asılı qalmış vəziyyətdədir və yəqin ki, dünyanın ən zəngin təbii sərvətlərinə və məhrumiyyətlər önünüdə hədsiz dirəniş gücünə malik olan bu ölkə öz süqutuna kimi hələ çox xalqı gözü yaşlı qoyacaq.
Bu gün isə Rusiya adlı titanın Krıma doğru atdığı addım səslərinin bütün dünyanı necə lərzəyə saldığına şahid olmaqdayıq. Rusiya üçün xırda addımlar sayılan bu tərpənişin dünya üçün necə böyük təşviş doğruduğu göz önündədir və bu təşviş heç də əsassız deyil. Çünki hər kəs etiraf edib-etməməsindən asılı olmayaraq bu böyük dağıdıcı gücün nələrə qadir olduğunu yaxşı bilir.
Hər kəs öz qəlbinin dərinliklərində yaxşı anlayır ki, Krım səmalarında göy gurultusu təsiri bağışlayan və bütün dünyada eşidilən bu səs şimal titanının hayqırtısı deyil, pıçıltısıdır. Biz Rusiyanın bu pıçıltısını ona görə eşitmirik ki, o, pıçıltı kifayət qədər yüksəkdən səslənir. Biz bu pıçıltını ona görə eşidirk ki, bu titanın qarşısında nə qədər cılız, çarəsiz və ümidsiz vəziyyətdə olduğumuzu dərk edirik. Biz zəif olduğumuz üçün bu pıçıltını eşitməyə, sadəcə eşitməyə deyil, həm də onun hər kəlməsinə itaət etməyə məcburuq. Və nə qədər ki, bu gücə qarşı dayanacaq qüvvəmiz yoxdur, itaət etmək, reallıqdan uzaq proqnozlara ümid bağlamaq alın yazımız olaraq qalacaqdır.
Seymur Əliyev
e-mail: [email protected]