Qondarma ittihamlarla 3 il azadlıqdan məhrum edilən tanınmış hüquqşünas Qurban Məmmədovun 7 yaşlı nəvəsi Fidan prezident İlham Əliyevin nəvələrinə müraciət edib. Moderator.az müraciətin mətnini təqdim edir:
Əziz
həmyaşıdlarım Əli və Mikayıl.
Mənim
7 yaşım var. Birinci
sinifdə oxuyuram. Mən həyatda birinci ən çox Allahı, sonra atamı, anamı və
onlar qədər də Qurban babamı sevirəm. Qurban babam da ən çox məni sevir. O məni
gəzməyə aparır, hədiyyələr alır, çoxlu oynadır. Yəqin sizi də babanız çox sevir,
oynadır və gəzdirir. Qurban babam məni belinə mindirib gəzdirir,mən də onun
bığlarını yoluram..
Daha
doğrusu, gəzdirirdi... Artıq 10 aydır ki, o məni gəzdirmir, oynatmır...
Valideynlərimin dediyinə görə, Qurban babam keçən ilin yayında İngiltərəyə
gedib. Babam oradan mənə zəng vurur, telefonda danışırıq.. Hər dəfə də “ay
baba, niyə gəlmirsən, sənin üçün çox darıxmışam” deyəndə mənə cavab verir ki,
İngiltərənin ədalətsiz və zalım Kralı buraxmır ki, qayıdım nəvələrimin yanına.
Deyir ki, 3 ildən sonra qayıda biləcək. Amma mən çox darıxıram onun üçün. İstəyirəm
gedim onun yanına, məni də ora buraxmırlar.
Siz heç
babanızdan ayrı qalmısınızmı? Sizi də qoymasalar babanızla oynayasınız, əylənəsiniz,
dözə bilərsinizmi? Allah heç kimi, elə sizi də babanızdan ayırmasın..
Heç bilirsiniz mənim babam kimdir? Mənim babam vəkildir. Mən ondan soruşanda ki, baba, sən nə iş görürsən, o belə deyirdi: “Canım gözüm, mən darda qalan insanlara kömək edirəm, haqsızlığa qarşı vuruşuram, ədaləti qorumağa çalışıram...”
Amma indi İngiltərənin Kralına qarşı onun özünə kömək edən lazımdır. Mən eşitmişəm ki, sizin babanız Azərbaycanın prezidentidir. Siz ona desəniz, o mənim babamı ədalətsiz və zalım İngiltərə Kralının əlindən qurtara bilərmi?
Sizin babanızı da İngiltərənin Kralı Azərbaycana buraxmasaydı, ona zalımlıq, ədalətsizlik etsəydi, mən babama deyərdim, babam ona kömək edərdi. Axı mənim babam insanlara kömək edir, ədalətsizliyə qarşı vuruşur.
Əziz dostlarım Əli və Mikayıl, bizə qonaq gəlsəniz, sizə babamın şəkillərini göstərərəm. 2 apreldə babamımın 55 yaşı olur. Mənim ad günüm olanda babamı yuxumda görmüşdüm. Hər gün yuxuma gəlir. Amma istəyirəm ki, onun ad günündə babamla görüşə bilim. Babam qayıtsın evimizə.
Əgər İlham babanız İngiltərə kralının əlindən Qurban babamı alıb qaytarsa, mən sizə söz verirəm, sizin də babanız darda olsa, mən babama deyəcəm ona kömək etsin.
Mənim babamın ürəyi çox genişdir, hamıya kömək edir və mənim istəyimi həmişə yerinə yetirir.. Bəs sizinki necə?
Sizdən tez bir vaxtda xoş xəbər gözləyirəm...
Dostunuz
Fidan...