Təqdimata ehtiyacı olmayan Abbas Abbasovun sıradan birisi olmadığını, əksinə, təkcə Azərbaycan üçün deyil, cəmi MDB məkanı üçün mühüm, hətta əvəzolunmaz bir persona olduğunu vurğulamağa gərək yox. Ona görə də onun bu günlərdə mətbuata verdiyi “quş”larla zəngin uzundərə müsahibəsi barədə düşüncələrimi oxucularla paylaşmaq üçün girişə-filana da ehtiyac duymuram...
Öncə ondan başlayım ki, bir müddət öncə görəvindən alınmış Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlundan fərqli olaraq baş nazirin keçmiş birinci müavinini quru yuyub yaş sərmək və ya ona “İstiqlal” ordenindən imtina etmək təklifində bulunası deyiləm. Ən azı ona görə ki, nə yaxam deputat mandatı üçün qəribsəməyib, nə də kiminsə sifarişiylə nəsə yazmadım bu günədək, yaxşı-pis nəyi doğru bildim onu öz arşınımla ölçməyə çalışıdm. Odur ki, elə bu yazı da Abbas Abbasovun bioqrafiyasına yaraşmayan məntiqsiz müsahibəsi barədə sadəcə fikirlərimi paylaşmaqdır, onu məzəmmət etməkdir...
Qəhrəmanım müsahibənin əvvəlində Rusiyanın bir nömrəli təlxəyi Jirinovski barədə danışarkən Çeçenistan prezidentinin məhşur fikirlərini yada salır və Ramzan Kadırovun Vladimir Volfoviçi “it” adlandırmasına haqq qazandırsa da sözarası deyir ki, mən onun səviyyəsinə enib bu cür ifadə işlətmək istəmirəm. Amma müsahibənin sonlarına yaxın canavar cildinə girmiş çaqqallardan bəhs edir və əminliklə deyir ki, bu çaqallar heç vaxt canavar ola bilməyəcəklər. Yəni kiməsə “it” deməyi özünə rəva bilməyən bir adam sonradan çaqqalı da canavarın gözünə vurub orijinal paralel aparır. Bu fərqi gördükdən sonra onun səmimiliyinə zərrə qədər də inamım qalmadı və sözün doğrusu, o boyda müsahibəni oxumaq üçün itirdiyim vaxta heyfim gəldi. Mən əslində onun qatı Rusiyapərsət olmasını və Putini ağsaqqalı saymasını da anlayardım, amma bulanıq suda balıq tutmaq həvəsini, yaşı 80-i haqlamış vəzifə düşkünlərindən, kreslo xəstələrindən danışsa da söhbəti fırlatmasını izah etməkdə çətinlik çəkirəm...
Müsahibədə çoxlu “quş”lar buraxıb qəhrəmanım. Onlardan ən yaddaqalanlarından biri də Putinlə sevincək görüşə getmək istəyərkən iki dəfə Ramiz Ənvəroviçə zəng vuraraq xeyir-dua almaq istəyinin puç olmasıdır. Bununla o özü də bilmədən etiraf etmiş olur ki, nə İlham Əliyev, nə Ramiz Mehdiyev ona etibar etmədiklərindən Putinlə aralarında vasitəçi olmasına da rəva görmədiklərinə görə onu təlimatlandırmağı artıq hesab edirlər.
İkincisi, əgər doğrudan da o Putin və Rusiya üçün bu qədər qiymətlidirsə və üstəlik Moskva və Bakının arasından su keçmirsə, niyə onun özünü və ailəsini hətta ölümlə təhdid edirlər? Buna kim cəsarət edə bilər ki? Putinin adamını Bakıda hədələyən adam ya yeddibaşlı əjdaha, ya da ölkənin birinci şəxsinin iradəsiylə hərəkət edən birisi olmalı. Deməli, müsahibə boyunca deyilən gəlişigözəl tərifnamələrin əksinə olaraq İlham Əliyev onu saymır, güvənmir, etibar etmir və üstündən qara xətt çəkib. Bu məsələdə İlham Əliyevin nə dərəcədə haqlı olub-olmadığını müəyyənləşdirmək imkanında deyiləm, amma bir şey mənimçün gün kimi aydındır ki, İlham Əliyevin dəftərində Abbas Abbasovun adı ya yoxdur, ya da onun adı hansısa bağışlanılmaz qəbahətinə görə sonradan pozulub.
Müsahibədə Abbas Abbasov onun bir müddət öncə mətbuatda “möhkəm qoz” adlandırılmasından feyziyab olduğunu büruzə verərək yenidən İlham Əliyevdən Bakıda hansısa posta dəvət gözlədiyini dilə gətirir. Halbuki ondan cəmisi bir neçə cümlə əvvəl deyir ki, o istefa verib kənara çəkilib ki, gənclərə meydan verilsin. Adama deyərlər ki, “möhkəm qoz” olmaq hələ gənc olmaq demək deyil və getdiyinə peşman olacaqdınsa niyə gedirdin? Üstəlik, mən artıq onu “möhkəm qoz” kimi təqdimatının da əleyhinəyəm. Təbii, ola bilsin ki, möhkəmdir,amma içinin çürük olduğunu söyləmək üçün tutarlı əsaslar ortada...