“Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, 122 saylı Xankəndi seçki dairəsindən deputat köməkçisi Səbuhi Səmədov, Birliyin İdarə heyətinin sədri İradə Quliyeva və digər üzvlər Böyük Vətən müharibəsi veteranı Həsənov Kərim Bərxudar oğlunun qonağı olub. Moderator.az-a daxil olan məlumata görə, 96 yaşını qeyd edən Xankəndi sakini Kərim Həsənov uşaqlıq xatirələrindən, nəsil şəcərəsindən, Böyük Vətən müharibəsində iştirakından həvəslə danışıb.
Taleyinə iki müharibə yazılmış 96 yaşlı Kərim Həsənov Xankəndili günləri ilə bağlı xatirələrini bölüşərkən Xankəndinin bünövrəsinin azərbaycanlılar tərəfindən qoyulmasından, gözəl təbiətinə görə bu yerlərə insan axının artdığından və nəsil şəcərəsinin də Xan bağında yaşadığından danışıb.
Erməni şovinistlərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin şahidi olan Kərim Həsənov hələ də o torpaqlara, doğma Xankəndinə can atdığını deyərək, o yerlərə qayıtmaq arzusunun, istəyinin onu bir an belə tərk etmədiyini vurğulayıb. Bu istəyinin tez bir zamanda gerçəkləşəcəyinə sonsuz bir ümid bəslədiyini bildirib.