Millət vəkili Vahid Əhmədov Quba şəhərindəki ofisində seçiciləri ilə növbəti görüş keçirib.
Bu barədə Moderator.az-ı millət vəklinin köməkçisi Arif Orucov məlumalandırıb. Məlumatda deyilir:
“Qəbula yazılmış 52 seçicinin hamısı millət vəkili tərəfindən təkbətək qəbul edilərək dinlənilib. Qəbul zamanı ən çox qaldırılan məsələlər mənzillərin təmirinə köməklik göstərilməsi, torpaqların paylanılması, işədüzəlmə, inşaat materiallarının verilməsi və s. olub. Diqqət çəkən məqam 14 nəfər Qarabağ müharibəsi iştirakçısının toplaşaraq birgə qəbulda iştirak etməsi olub. Mənzil şəraitlərinin yaxşılaşması, pensiyanın azlığı, məişət problemləri, yaşayış massivindəki ərazidə yolun pis vəziyyətdə olması, küçələrin işıqlandırılmaması və s. kimi problemlər səsləndirilib. Məsələləri deputatın diqqətinə çatdıran veteranlar onların tezliklə həll olunmasını xahiş edib. Operativ həlli mümkün olan bir neçə məsələ yerindəcə rayonun aidiyyatı təşkilatları ilə birgə həll edilib, Bakıda yerləşən mərkəzi icra orqanlarının rəhbərləri ilə əlaqə yaradılmış, qəbul zamanı söylənilən digər məsələlər qeydiyyata alınaraq tədbir görülməsi üçün istiqamətlər müəyyənləşdirilib.
Görüş və qəbuldan sonra rayonun icra başçısı Mübariz Ağayevlə görüşən millət vəkili Qubada görülən işlərlə tanış olub, qarşıdan gələn Novruz bayramının yüksək səviyyədə təşkili və keçirilməsi üçün öz təkliflərini verib”.