Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda Qərb dünyasının rəsmi Moskvaya təzyiqi artmaqdadır. Artıq bəzi dövlətlərin Rusiyadakı səfirlərini geri çağırması, ABŞ, Almaniya və NATO-nun hədə dolu bəyanatları Kremlə qarşı cəbhənin kifayət qədər böyük olduğunu isbatlayır. Lakin bəzi ekspertlər hesab edir ki, Ukraynaya müdaxilə Rusiyaya daxildən də ciddi problemlər yarada bilər.
Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu Ukraynaya müdaxilənin Rusiyanın özü üçün də ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıb. Ekspertin sözlərinə görə, bu cür addımlar Rusiyanın daxilində seperatçılığı alovlandıra bilər:
“Rusiyanın özündə də yaxşı başa düşürlər ki, Ukraynaya qarşı hərbi əmliyyatlara başlamaq Gürcüstana qarşı əməliyyata başlamaq deyil. Sadəcə buna görə yox ki, Ukrayna ordusu güclüdür. Əslində Ukrayna ordusu çox zəifdir. Burada söhbət slavyan faktorundan, qonşu və qardaş olan böyük bir millətdən, habelə Rusiyanın özünün daxili problemlərindən gedir. Rusiya hər yerdə seperatçılığı dəstəkləyir və nəhayət bu seperatçılıq Rusiyanın öz içinə də gəlib çıxacaq. Bu baxımdan Moskva riskli addımlar atmaqla yanaşı, həm də bu addımların məsuliyyətini dərk edir. Çünki Rusiya da bilir ki, hər bir dəyənəyin iki başı mövcuddur. Biri qarşı tərəfə dəyəndə, digər başı onu vuran tərəfin özünə dəyir. Rusiyanın bu davranışları hökmən onun daxilində də seperatçılığı sitimullaşdıracaq. Tatarıstanın Dövlət Şurasının nümayəndəsi Krım tatarlarına öz dəstəyini ifadə edib. Onlar Rusiyanın siyasətindən öz narazılıqlarını bildiriblər. Bu, bir ilkdir və istisna deyil ki, bu cür mesajlar getdikcə artacaq”.
Seymur Əliyev