“Ukraynada baş verən olayların post-sovet ölkələrinə də ciddi şəkildə təsiri olacağını düşünmək doğru deyil”.
Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. F.Mustafanın sözlərinə görə, Ukrayna olaylarına Qərb-Rusiya qarşılaşması konteksində baxmaq daha doğrudur:
“Hər bir ölkənin özünün spesifik əlaqələr sistemini qurublar. Bir ölkədə baş verən inqilabi proseslər başqa ölkəyə keçmir. Necə ki, İranda Xomeyni inqilabı baş verdi və nəticədə bütün gözləntilərin əksinə olaraq digər ölkələrdə dini teokratiklər rejim qurulmadı. Iran inqilabı baş verəndə də düşünülürdü ki, hər yerdə inqilablar baş verəcək, çox şey köklü surətdə dəyişiləcək. Buna görə də özümüzü illüziyaya qapdırmayaq. Hesab edirəm ki, Ukraynadakı proseslərə Qərb və Rusiya arasında müəyyən problemlərin çözülməsi konteksindən baxmaq lazımdır”.
F.Mustafanın qənaətincə, Ukraynadakı proseslər Qərbə inteqrasiya tərəfdarlarının qələbəsi ilə yekunlaşsa da, bu ölkənin Rusiyadan ciddi iqtisadi asılılığı mövcuddur: “Hələlik tam Rusiya yönümlü bir hakimiyyətin ortadan qalxması prosesi baş verdi. Nəticədə, Qərbə inteqrasiyada maraqlı olan qüvvələrin ciddi revanş götürməsi müşahidə edildi. Lakin müəyyən problemlər də qalmaqdadır. Çünki Ukraynanın Rusiyadan enerji asılılığı yüksək səviyyədədir. Bu baxımdan Ukrayna hadisələrinə spesifik bir olay kimi baxılması daha düzgündür. Bunu yayılan bir hadisə hesab etmək olmaz”.
Millət vəkili hesab edir ki, Rusiya indiki şərtlər daxilində Ukraynada lazımi şəkildə hərbi-siyasi manevrlər edə bilmədiyi üçün bu ölkədə Suriya modelini reallaşdırmağa çalışır: “Krımda da məsələlərin çözülməsi çox şeyi ortaya qoyacaq. Çünki Rusiya hazırda proseslərə ciddi müdaxilə edə bilmir. Ortada Budapeşt sammitində üzərinə götürdüyü bir öhdəlik var. Bu səbəbdən də Rusiya Suriya modelini reallaşdırmağa çalışır. Buna nə dərəcədə nail olacaq, bunu zaman göstərəcək. Lakin aydın olan budur ki, Ukrayna xalqının həmrəyliyi və qətiyyəti çox şeyi dəyişə bilər”.
Seymur Əliyev