Son vaxtlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilən qərar və proqramların sayı artsa da, ictimai rəydə məlum mübarizəyə baxış heç də birmənalı deyil. Belə ki, bəzi vətəndaşlar hesab edir ki, iri məmurlar korrupsiyaya qarşı mübarizədən kənarda qalıb ki, bu da sözügedən mübarizənin sadəcə orta və aşağı kateqoriyalı məmurları hədəf aldığını göstərir.
Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev bu fikirləri doğru hesab etmədiyini vurğuladı:
“Bu, kökündən yanlış bir yanaşmadır. Korrupsiyaya qarşı mübarizə kompleks xarakter daşıyır. Bu mübarizə ilk növbədə korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına yönəlməlidir. Azərbaycanda çox zaman korrupsiyaya qarşı mübarizə ilə repressiv tədbirləri eyniləşdirirlər. Ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Baxın, nə qədər korryupsioneri məsuliyyətə cəlb ediblər, nə qədər korrupsioner haqqında məhkəmə qərarı çıxarılıb. Unutmaq olmaz ki, konseptual yanaşma heç vaxt nəticəyə yönəlik yanaşma olmur. Korrupsiya baş verəndən sonra korrupsioner meydana çıxır və onun məsuliyyətə cəlb edilməsi zərurəti yaranır. Lakin çalışmaq lazımdır ki, korrupsiya baş verənə qədər məsələ həll olunsun. Yəni korrupsiya hallarını ortadan qaldırmaq lazımdır. Buna daha çox diqqət yetirilməlidir. Ötən il 2013-cü illə müqayisədə korrupsiya ilə bağlı qldırılan cinayət işləri 30% artıb. Buna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilən şəxslərin də sayı artıb. O ki qaldı daha yüksək vəzifəyə malik korrupsioner şəxslərin məsuliyyətə cəlb edilməsinə, bu, heç də düşümüldüyü qədər də asan məsələ deyil. Bunun üçün müəyyən əsaslar, təkzibedilməz faktlar olmalıdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə ciddi prinsipiallığın nümayiş edildiyi danılmazdır. Ölkə başçısı da son çıxışlarında qeyd etdi ki, kimliyindən asılı olmayaraq, korrupsiyaya yol verən istənilən şəxs məsuliyyətə cəlb olunacaq və bu məsələdə kimsəyə güzəşt yoxdur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin mütəmadi surətdə gücləndirildiyi bir həqiqətdir. Nəzərinizə çatdırım ki, dünyanın heç bir ölkəsində iri məmurların bir gecənin içində məsuliyyətə cəlb edilməsi hadisəsi olmayıb. Bu cür olaylar nadir hallarda baş verib ki, bu da daha çox siyasi rəqiblərin sıradan çıxarılması fonunda baş verib. Odur ki, korrupsiyaya qarşı mübarizədə əldə edilən nəticəni düzgün qiymətləndirmək və baş verənləri düzgün şəkildə şərh etmək lazımdır”.
Seymur Əliyev