Moderator.az-a adının çəkilməsini istəməyən etibarlı mənbədən informasiya daxil olub ki, Milli Şuradan gedənlərin yerini doldurmaq, daha doğrusu, qurumu böhrandan çıxarmaq üçün Ziyalılar Forumu ilə yenidən əməkdaşlıq emək, bu müzakirələrin nəticəsi olaraq bir neçə tanınmış ziyalını Milli Şuraya cəlb etmək təşəbbüsü uğursuzluğa düçar olub. Belə ki, Milli Şuranın Koordinasiya mərkəzi tərəfindən görəvləndirilmiş bir tanınmış adam Ziyalılar Forumunun üzvləriylə təkbətək görüşərək dəstək istəyib, ancaq ziyalıların irəli sürdükləri şərt qəbuledilməz olduğundan bu məsələdə bir müddət taym-aut götürmək qərara alınıb.
Moderator.az-ın Milli Şuranın ən tanınmış üzvlərindən biri olan Vidadi Mirkamala müraciət edərək yuxarıda qeyd edilən informasiya ilə bağlı hər hansı məlumata malik olub-olmadığını soruşmasına ədliyyə generalı “Ziyalılar Forumu bəyəm fəaliyyət göstərir ki? Kimlə danışıq aparılsın” sualıyla çox ilginc cavab vermiş olub. V.Mirkamal da o qənaətdədir ki, ziyalılar hələ öz sözlərini deməyiblər və onları proseslərə cəlb etmək yolları aranmalıdır:
“Məncə ziyalılar yeni formatda və yeni məzmunda meydana çıxmalıdır və siyasi ambisiyalardan xilas olmalıdırlar. Yalnız bu halda tərəfsiz ziyalılar hənsısa irəliləyişə nail ola bilər. Təəssüf ki, elə ziyalılarımız da çox deyil. Görünür, hələ ki, bu imkan yetişməyib.”