Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin Xətai Rayon Prokurorluğuna müstəntiq vəzifəsinə təyinat aldığı barədə xəbər vermişdik. Xəbər ötən gün Xətai Rayon Prokurorluğu səviyyəsində təsdiqlənib. Məsələnin ilginc tərəfi budur ki, M.Mehdiyev 2010-cu ildə baş prokuror Zakir Qaralovun əmri ilə “prokurorluq işçisinə yaraşmayan hərəkətinə görə” orqandan xaric edilmişdi.
azadlıq.info-nun verdiyi məlumata görə, M.Mehdiyev hazırda G.Hacıbəyliyə qarşı hakimiyyətinin apardığı və 37-ci il ənənələrini xatırladan qarayaxma, təqib kampaniyasında “baş rol” alıb. Bu baxımdan prokurorluq sistemindən qovulan M.Mehdiyevin yenidən bu sistemdə vəzifə təyinatı alması hakimiyyətin maskasını tamamilə cırır. Məsələ ilə bağlı sayt Gültəkin xanımın da mövqeyini öyrənib:
"Bu, çox gözəl bir xəbərdir. Bu münasibətlə mən Baş Prokuror Zakir Qaralova səmimi minnətdarlığımı bildirirəm. O, öz imzasını, Baş Prokuror kimi özünün və Prokurorluğun nüfuzunu və qorumalı olduğu qanunçuluğu zərbə altına qoyaraq hakimiyyətin və Mehdiyevlərin maskasını cırıb, gerçəyi olduğu kimi cəmiyyətə təqdim etdi. Zakir Qaralov təbii k, bu addımın məsuliyyətini anlamayacaq səviyyədə məsuliyyətsiz adam deyil. O, gözəl bilir ki, 2010-cu ilin iyununda hərbi xidmətdən yayındığına və prokurorluq orqanları əməkdaşına yaraşmayan hərəkətlər etdiyinə görə orqandan xaric etdiyi şəxsi məhkəmə qərarı olmadan 2014-cü ilin yanvarında yenidən vəzifəyə təyin etmək nə deməkdir. Bu vəzifə cinayətidir. Yəni Baş Prokuror ya 2010-cu ildə, ya da indi qanunsuzluğa yol verib. Üçüncü variant yoxdur. Digər tərəfdən, Mahmud Mehdiyev 29 yanvar tarixində Yasamal Rayon Məhkəməsində zərərçəkmiş kimi ifadə verərkən işləmədiyini dedi. Mən ona yalan ifadə verməklə Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə məsuliyyət daşıdığını xatırladaraq sualımı bir də təkrarladım. "Mən prokurorluqda işə düzəlməmişəm" dedi. Məhkəməyə bu yalan ifadəni verərkən M.Mehdiyev artıq bir həftə idi ki, vəzifəyə təyin olunmuşdu. Yəni müstəntiq kimi fəaliyyətinin siftəsini zərərçəkən qismində məhkəməyə bilə-bilə yalan ifadə vermək cinayəti törətməklə etdi. Daha öncə də məhkəməyə yalan ifadələr vermişdi, tərəfi təhqir etməklə məhkəməni təhqir etmişdi və bununla bağlı Mahmud Mehdiyevin Cinayət Məcəlləsinin 297.1-ci və 289.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması ilə haqqında məhkəmənin xüsusi qərardad qəbul edərək Baş Prokurorluq qarşısında məsələ qaldırması ilə bağlı vəsatətlərimiz var. Həmin məhkəmə iclasında M.Mehdiyevin bacısı Aynur Mehdiyeva tərəfindən açıq şəkildə hədələnməyimizlə bağlı DİN-nə müraciət etmişik və təhqiqatın nəticəsini gözləyirik. Yeri gəlmişkən, Aynur Mehdiyevanı da törətdiyi insan alveri əməllərinə görə məsuliyyətdən yayındırmaqla yerli və beynəlxalq ictimaiyyət qarşısında ifşa olunublar. Zakir Qaralov bütün bunların nə demək olduğunu gözəl anlaya-anlaya bu əmri imzalayıb. Çünki başqa çarələri yox idi. Mahmud Mehdiyevə öncədən vəzifəyə təyin olunacağı söz verilmişdi. Proseslərin başladığı və M.Mehdiyevin Baş Prokurorluğa çağrılaraq bu təklifi aldığı ötən ilin mart ayından o, bəlkə də yüzlərlə dəfə çantası əlində Baş Prokurorluğa gedib-gəlib, "Bəs nə oldu?" sualını verib. Əslində, onu hələ yayda bərpa edəcəkdilər, lakin xəbər mətbuata sızdığı və geniş ictimai rezonans doğurduğu üçün təxirə saldılar və daha böyük "xarüqələrə"- barəmdə cinayət təqibinin başladılmasına sövq etdilər. İndi də əmri iş saatları bitəndən sonra, gecə vaxtı verilib və məxfi saxlanması, xüsusilə mənim bilməməyim bərk-bərk tapşırılmışdı. Bu məqsədlə işə də çıxmırdı, təyinatını danırdı və hətta məhkəməyə yalan ifadə verirdi. Lakin yalanın ömrünün uzun çəkmədiyini hamımız bilirik. Ölkəni intiharların, korrupsiya və rüşvətxorluğun başına aldığı, radikal dini cərəyanların milli təhlükəsizliyimiz üçün gerçək və təhlükəli bir təhdidə çevrildiyi bir vaxtda, Azərbaycan hakimiyyəti və hüquq-mühafizə orqanlarımız bax belə "əşhədü-ciddi" işlərlə məşğuldur. Nə var-nə var, Prezident Administrasiyasında kimsə vaxtilə, hələ mən millət vəkili olduğum dövrdə barmağını masaya çəkib "onu bax belə siləcəyəm" demişdi, indi özü silinməkdədir, ancaq məni silə bilmir ki, bilmir”, - deyə G.Hacıbəyli bildirdi.
Keçmiş millət vəkili daha sonra bu işlərin arxasında duranlara müraciət edib: “Ayıbdır, cənablar, ayıbdır! Ciddi işlərlə məşğul olun, dünyada baş verənləri təhlil edin və nəticə çıxarın! Dünya nələrlə uğraşır, siz nələrlə uğraşırsınız? İnformasiya texnologiyaları, internet əsrində 70-ci illərin cılız və səviyyəsiz saray intriqalarının kənardan nə qədər gülünc göründüyünün fərqində olun! Qurduğunuz mənəviyyatsız intriqalara və yalanlara yalnız özünüz bulaşırsınız, quru divar isə palçıq götürmür! Sizə acıyıram!”.