“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu musavat.com-a açıqlamasında Milli Şura sədri Cəmil Həsənlinin ünvanına kəskin fikirlər səsləndirib. R.Arifoğlu Cəmil Həsənlinin media üzərində deyil, medianın C.Həsənli üzərində haqqa sahib olduğunu vurğulayıb.
Bununla bağlı Moderator.az-a açıqlama verən Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev hansısa media orqanının Cəmil Həsənliyə minnət qoymasının əsassız olduğunu qeyd edib: “Doğrusu, biz hər hansı mətbuat vasitəsi ilə Milli Şura arasında qovğa görmürük. Hesab edirik ki, hər hansı problem və qovğaya lüzum da yoxdur. Milli Şuranın sonuncu sessiyası ilə bağlı bəzi mətbuat orqanları həqiqətə uyğun olmayan məlumatlar yaymışdı. Yazılmışdı ki, guya dünənki sessiyada ciddi gərginlik, dava-dalaş olub. Bu xəbərlər həm Cəmil müəllim, həm də digər Milli Şura üzvləri tərəfindən təkzib olundu. Milli Şuranın sessiyası mətbuat əməkdaşları üçün açıqdır. Hansı ki, dövlət orqanları və ya ölkə başçısının keçirdiyi heç bir toplantıda media əməkdaşlarının bu qədər sərbəst hərəkətinə imkan verilmir. Biz seissiyalarımızı mətbuata açıq keçiririk. Bəzi mətbuat orqanları isə bundan sui-istifadə halına yol verir. Cəmiyyətə hər şey obyektiv çatdırılmalıdır. Cəmil müəllim öz açıqlamasında bəzi mətbuat orqanlarının Milli Şuraya qarşı dağıdıcı mövqe sərgilədiyini bildirib. Bu Cəmil müəllimin mövqeyidir və hesab edirəm ki, haqlı bir mövqedir. Cəmil müəllim seçki dövründə böyük cəsarət nümunəsi göstərdi. Layiqli seçki kampaniyası apardı. Bu baxımdan Cəmil müəllim dəstəyi ayrı-ayrı mətbuat orqanlarından yox, xalqdan aldı. Ona ən böyük dəstəyi xalq verdi. Amma eyni zamanda bəzi mətbuat orqanlarnın Cəmil müəlimə göstərdiyi dəstəyi də unutmur, bunun üstündən keçmirik. Amma hesab edirəm ki, mətbuat orqanları bu xidməti kimsənin başına qaxmamalıdırlar. Cəmil müəllim Azərbaycan xalqından başqa heç kimə borclu deyil. Cəmil müəllimin ən böyük dəstəyi Azərbaycan xalqı olub."
Seymur Əliyev