Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhər yaşıllıqlarına qənim kəsilib. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, icra başçısı dənizkənarı parkdakı yaşıllıqların məhv edilərək onların yerində müxtəlif təyinatlı obyektlərin inşasına göz yumur: “Sumqayıtın dənizkənarı parkı uzun müddətdən sonra istifadəyə açılsa da, ərazidə heç bir təmir işi, yenidənqurma aparılmayıb. Bu azmış kimi son bir aydır ki, parkın ən baxımlı hissəsindəki yaşıllıqların məhv edilməsi hesabına yeni obyektlərin inşası prosesi həyata keçirilir ki, bu da E.Əzizovun xeyir-duası əsasında reallaşır. Artıq park ərazisində inşa edilən bu obyektlərdən bəzisinin tikintisi başa çatmaq üzrədir. Sakinlər isə hesab edir ki, belə davam edəcəyi təqirdə Sumqayıt parkındakı yaşıllqılardan əsər-əlamət qalmayacaq, park ictimai iaşə obyektləri və özəl firmaların mərkəzi qərargahına çevriləcək”.