Moderator.az-a daxil olan bəyanatda bildirilir ki, oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparıb. Baxış zamanı SMDT və Könüllərin Beynəlxalq Əməkdaşlıq Birliyinə aid nəşr nümunələri, hesabat, Press Relizlər, iki ədəd kompüter, proqram və maliyyə sənədləri araşdırma üçün götürülüb. Hazırda ilkin istintaq prosesi gedir. Ümid Partiyası bildirir ki, bu yoxlamalar SMDT-nin seçkilərdə həyata keçirdiyi layihələrlə bağlıdır. Qanunla ilkin yoxlamalar Vergilər Nazirliyi tərəfindən aparmalı idi. Yoxlamanın Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən aparılması onu göstərir ki, hakimiyyət demokratik qüvvələrə, müstəqil jurnalistlərə, QHT-lərə və ictimai fəallara qarşı siyasi təzyiqlərini bu gün də davam etdirir. Partiya hesab edir ki, bu yoxlamaların Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin aparması və istintaqın başladılması Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzininə qarşı siyasi təzyiqdir və qanunsuz hərəkətdir. Bu həmçinin digər vətəndaş cəmiyyəti institutlarının gözünü qorxutmağa hesablanmış bir addımdır. Ümid Partiyası baş verənləri pisləyir, hakimiyyətdən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə qarşı baş verən təzyiqlərin dərhal dayandırmasını tələb edir və bu məsələdə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini sona qədər dəstəkləyəcəyini bəyan edir.