“Nankor həşəratlar”dan gələn təhlükəni necə neytrallaşdırmalı?
Separatçı Əlikram Hümbətovun İrəvana və Xankəndinə
gözlənilməz (əslində gözlənilən) səfəri son iki gündə Azərbaycanda haqlı olaraq
ciddi müzakirə predmetinə çevrilib və istər mediada, istərsə də siyasi
kluarlarda “Bu şərəfsizin oralarda nə ölümü var, onu kim və hansı məqsədlə
Hollandıyadan gətirib əleyhimizə danışdırır” sualına cavab axtarılır.
Baxmayaraq ki, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı onun
düşmən dəyirmanına su tökməsini və son açıqlamalarını “milçək vızıltısı” kimi
xarakterizə edib. Elə indicə oxumağa başladığınız bu yazı da deputatın fikirlərindən
qaynaqlanır. Baş Ana Vətənçidən fərqli olaraq mən Əlikram Hümbətovun İrəvandakı
və Xankəndindəki sarsaqlamalarını, Azərbaycan dövlətinin əleyhinə hədyanlar
söyləməsini qətiyyən milçək vızıltısı hesab etmirəm. Əksinə, onun zühurunun
tezliklə Azərbaycanda yeni separatçılıq meyllərinin baş qaldıracağının anonsu
kimi qəbul edirəm. Fəzail Ağamalının təbirincə desək, bu günədək neçə milçək
vızıltısı milli sakitçiliyimizi pozaraq baş-beynimizi aparıb? Milçək hesab
eydiyimiz nə qədər yaramaz həşərat dövlətçiliyimizə qarşı qənim kəsilənlərə birdəfəlik
və ya çoxdəfəlik istifadə vasitəsi rolunda “ayı xidməti” göstərib?
Zənnimcə, Əlikramın yeni ampluada zühur etməsi
və işğalçı Ermənistanın əlində alətə çevrilməsi bizi qarşıda çeşidli mənfur
ssenarilərin gözlədiyindən xəbər verir. Biz bir dövlət və millət olaraq
suverenliyimizi təhdid edən bu bəlaya qarşı hazırıqmı? Məncə yox. Millət və
dövlət xarici və daxili təhlükələə qarşı o zaman müqavimət göstərmək
iqtidarında olur ki, cəmiyyətdə milli barışıq mühiti hökm sürsün, siyasi düşərgələrdəki
insanlar bir-birinin qanını içməyə hazır vəziyyətdə olmasın. Ancaq nə yazıq ki,
bizdəki antaqonist ziddiyyətlər çoxdan əndazəni aşıb və iqtidar- müxalifət
münasibətləri rəqiblik deyil, düşmənçilik səviyyəsinə yüksəlib. Bu cür
qarşılıqlı inamsızlıq və inkarçılıq mövqeyi bütövlükdə cəmiyyətin
monolitliyini, dövlətin təhlükəsizliyini sarsıdır, bu zaman Əlikram Hümbətov
kimi nankorlar, yaramazlar, milli xainlər düşmənlərimizin əlində sapı özümüzdən
olan baltalara çevrilir. Biz nə qədər onu vətəndaşlıqdan çıxararaq bizdən
olduğunu inkar etsək də bir şey alınmayacaq və bu cür uğursuz cəhdlərimiz
bumeranq effekti verərək özümüzə zərbə vuracaq. Odur ki, bu hakimiyyətin siyasətini
bəyənməyənləri düşmən gözündə görməkdənsə, idarəetmədəki nöqsanları dilə gətirənlərə
xəyanətkar, yaramaz ünsürlər adı verməkdənsə, insanları qondarma ittihamlarla şərləyib
həbsxanalara doldurmaqdansa hamımızın
olan bu Vətənin rifahı, suverenliyi naminə siyasi dialoq mühiti yaradılmasına cəhd
etmək doğru olmazdımı?
Sabah onun sorağı Moskvadan gəlsə də təəccüblənmək
lazım deyil. Əksinə, elə o milçəyi qulağımızın dibində, burnumuzun ucunda
vızıldadan da elə Kreml deyilmi? Bəzən obrazlı olaraq deyirlər ki, Rusiya və Azərbaycan
hakimiyyətləri arasından su da keçmir. Ancaq hamı bilir və yaxud bilməlidir ki,
qarı düşmən dost olmadığı kimi Moskva da Azərbaycanın suverenliyini heç zaman həzm
etməz, hər vəchlə onu səksəkədə saxlamaq üçün Əlikram Hümbətov kimi milçəklərdən
“parçala və hökm sür” siyasətinin alətləri kimi istifadə etməkdən çəkinməz.
Əslində biz dostumuzu da, düşmənimizi də yaxşı tanımadığımıza və qiymətləndirmədiyimizə
görə bu gündəyik...
Zülfüqar Hüseynzadə