Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər edib.
Maraqlıdır, ali hərbi rəhbərliyin
sərhəd zonasına bu cür səfərləri hərbçilərin döyüş hazırlığına, psixologiyasına
necə təsir göstyərir? Bu səfərlərin önəmli tərəfi nədən ibarətdir?
Moderator.az-a açıqlama
verən hərbi ekspert Azad İsazadə belə səfərlərin bir çox baxımdan mühüm əhəmiyyət
kəsb etdiyini bildirdi:
“Ümumiyyətlə, yüksək rütbəli
hərbçilərin cəbhə zonasına, sərhəd xəttinə səfərləri xüsusi əhəmiyyətə malik məsələdir.
Çünki digər yerlərdən fərqli olaraq, orada hər zaman təhlükə var. Cəbhə bölgəsinə
yüksək rütbəli zabitlər, generallar səfər edəndə, o zaman əsgərlər özlərini
daha arxayın hiss edirlər. Əsgərlər anlayır ki, onlar səngərdə tək
oturmayıblar. Əsgərlər genaralı görməslər də bilirlər ki, o, hardasa
buralardadır. Bu düşüncə ona güvən verir. Əsgər başa düşür ki, onunla
maraqlanırlar, onu düşünürlər və s.
Bu səfərlərin bir əhəmiyyəti
də ondan ibarətdir ki, həmin səfərlər zamanı hər yerə - yeməkxanaya da, əsgərlərin
yatdığı yerə də və s. baxış keçirirlər. Adətən bu cür səfərlərdən sonra nə isə
bir yenilik baş verir. Bu baxımdan generalların ön xəttə səfərləri olduqca əhəmiyyətlidir.
Qazax ərazisi Qazax sərhəd
diviziyası tərəfindən qorunur. Qazax Tovuza yaxındır. Gələcəkdə istisna olunmur
ki, Tovuz da tam şəkildə Sərhəd Qoşunlarına verilsin. Ola bilsin ki, gələcəkdə
Azərbaycan-Ermənistan sərhəddini tamamilə ancaq sərhədçilər qorusun. Hansı ki,
bunun baş verməsini məntiqli hesab edirəm”.
Seymur ƏLİYEV