ABŞ prezidenti Barak Obama sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edərək İranla münasibətlərdən və onun apardığı nüvə fəaliyyətindən və bölgədəki məsələlərdən danışıb.
Moderator.az-ın “Media forum”a istinadən məlumatına görə, Vaşinqtonun İran rejimini devirmək niyyətində olmadığını bildirən Obama deyib ki, İranın yeni hökumət rəsmilərinin barış bəyanatları əməldə özünü doğrultmalıdır: “İran Qərblə münasibətlərini yaxşılaşdırmaq üçün nüvə silahı istehsal etmək niyyətində olmadığını sübut etməlidir. Biz İranın yeni hökumətinin mötədilliyə üstün verməsini müsbət qarşılayır, İranın nüvə məsələsinin həlli istiqamətində yaranmış çıxılmazlıq vəziyyətinin aradan qaldırılmasını tələb edirik.
ABŞ və İran 1979-cu ildə baş verən islam inqilabından sonra bir-birindən uzaq olublar. Bu etimadsızlığın dərin kökləri var. İranlılar çoxdandır ABŞ-ın İranın daxili işlərinə qarışması tarixçəsindən gileylənir, ABŞ-ın soyuq müharibə illərində bu ölkənin hökumətinin devrilməsindəki (1953-cü ildə baş nazir Məhəmməd Müsəddiqin hərbi çevriliş yolu ilə devrilməsi nəzərdə tutulur ”“ red.) rolunu xatırlayır, bundan şikayət edirlər. Digər tərəfdən də amerikalılar görürlər ki, İran hökuməti həmişə Amerikanı düşmən kimi qələmə verir, istər birbaşa, istərsə də dolayı yolla Amerika vətəndaşlarını girov götürür, amerikalı əsgərlər və vətəndaşlarını öldürür, müttəfiqimiz İsraili məhv edəcəyi ilə təhdid edir.
Güman etmirəm ki, belə çətin tarixi olan ixtilafları bir gecədə aradan qaldırmaq mümkün olsun. Qarşılıqlı şübhələr dərin kök salıb. Lakin bununla belə hesab edirəm ki, İranın nüvə məsələsini həll edə bilsək, qarşılıqlı ehtiram və maraqlara söykənən daha fərqli münasibətlərin yaranması istiqamətində böyük bir addım atmış olarıq. Mən prezident seçiləndən sonra İranın dini liderinə, hazırda da prezident Ruhaniyə yazdığım məktublarda bildirmişəm ki, İranın nüvə məsələsinin dinc yolla həll olunmasını istəyirik. Həm də bildirmişəm ki, biz onları nüvə silahlarının istehsalından çəkinməsində israr edirik. Bildirmişik ki, biz İran rejimini devirmək niyyətində deyilik və İran xalqının dinc nüvə enerjisindən istifadə etməsi ilə bağlı hüququna hörmətlə yanaşırıq. İran isə nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq müqaviləyə riayət etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməlidir”.