"Son 10 il ərzində 19 yük gəmisi, bərə, tanker, 31 təyyarə alınıb, 7 aeroport tikilib". Bunu Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimində prezident İlham Əliyev deyib.
Dövlət başçısı vurğulayıb ki, neftdən əldə edilmiş
gəlirlərin bir hissəsi nəqliyyat infrastrukturunun yaradılmasına yönəldilib.
Onun sözlərinə görə, Azərbaycan təbii dəhlizlər üzərində yerləşib. Şimal-cənub,
şərq-qərb dəhlizləri Azərbaycandan keçir. "Ancaq əgər müasir logistika və
nəqliyyat infrastrukturu olmasa, bu yerləşmənin heç bir əhəmiyyəti olmayacaq.
Ona görə, bütün başqa sahələrlə yanaşı, nəqliyyat sektorunun inkişafına da
böyük investisiyalar qoyulub, böyük diqqət göstərilib. Son illərdə Azərbaycanda
nəqliyyatın bütün növləri inkişaf edib".
Prezident Bakı-Tbilisi-Qars dəmir yolu tikildiyini
deyib və qeyd edib ki, bu da strateji əhəmiyyətə malik olan bir layihədir.
"Avtomobil yolları, bizim əsas avtomagistrallar və kənd yolları yenidən
qurulur, tikilir. Bakıda bax, belə gözəl gəmiqayırma zavodu tikilir. Ələt
qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir ki, o da Xəzər
hövzəsində ən böyük ticarət limanı olacaqdır. Onun yəni, yükgötürmə gücü ilkin
mərhələdə 10 milyon, ondan sonra 20 milyon tona bərabər olacaq".