Moderator.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanda yerləşən “Aspirantlar yataqxanası”nda yaşayan 118 ailənin üzvləri bu gün- sentyabrın 13-də sosial durumlarının ağırlığına, mənzil şəraitlərinin pis olmasına etiraz olaraq aksiya keçirəcəklər. Virtualaz.org saytına müraciət edən elmi işçilər deyiblər ki, yataqxanada yaşayanların mənzillə təmin olunmasına dair AMEA rəhbərliyinin iştirakı ilə iclas keçirilib və prezident İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətə müsbət cavab gəldikdən sonra isə tikinti şirkəti ilə razılıq əldə edilib. Şirkət bu ilin may ayında tikinti işlərinə başlayıb. Lakin sakinlərlə müqavilə bağlanılmayıb, üstəlik müəyyən şərtlər də irəli sürülüb. Buna görə də narazı alimlər etiraz aksiyası keçirməklə problemin həllinə nail olmağa çalışacaqlar. Sakinlər deyirlər ki, artıq tikinti şirkətinə xəbərdarlıq da edilib.