“Diplomat” qəzetinin baş redaktoru da prezident kürsüsü uğrunda savaşanlara qoşulub. Sentyabrın 4-də sənədlərini MSK-a verən kürd əsilli redaktor Moderator.az-a açıqlamasında bildirdi ki, bu gün-sentyabrın 5-də MSK-dan imza vərəqi götürərək ən qısa müddətdə 40 min imza toplayaraq təhvil verməyi hədəfə alıblar. Maraqlıdır ki, sentyabrın 9-da namizədlərin imza vərəqələrini MSK-a təhvil verməli olduqları son gündür. Elə isə 3 günə 40 min imza toplayaraq marafona qoşulmaq Tahir Süleymana müyəssər olacaqmı?
“Diplomat”ın
şefi deyir ki, prosesə çox gec qoşulduqlarından necə ağır bir yükün altına
girdiyinin fərqindədir. Ancaq ümidini də kəsmir. Fürsətdən istifadə edib
Azərbaycanda nə qədər kürdün yaşadığını ondan soruşduq. Bildirdi ki, rəsmi
olaraq bu sayın 13 min nəfər olduğu bildirilsə də onun araşdırmaları
Azərbaycanda 2 milyon yarım kürd əsilli vətəndaşın yaşadığını ortaya çıxarıb. Ondan
bunlardan neçəsinin səsinə ümid etdiyini soruşduq. Ən azı 500 min kürd əsilli
seçicinin ona səs verəcəyini söyləyən T. Süleyman ondan gileyləndi ki, çox vaxt
insanlar cəsarət edib milliyyətlərini demək istəmirlər: “Ola bilsin ki,
namizədlərdən məndən başqa da kürd olan var. Ancaq bunu açıqlayacaq qeyrətə
sahib olan tək mənəm. Rəbiyyət Aslanova mətbuata açıqlamasında demişdi ki,
parlamentdə 38 kürd var. Mənsə ona cavab verdim ki, bəs o qeyrətsizlər niyə
səsini çıxarmır, milliyyətini danır? Əhəd Abıyevdən savayı kimsəni görmədim. O
kürd olmasa da mərdi-mərdanə deyir ki, kürdəm. Qoy o 38 nəfərdən biri çıxıb
qabağa desin ki, mən kürdəm. Buna cəsarətləri çatarmı heç?”