Dünən özünü binanın eyvanından
atmaq istəyən şəxs barədə məlumat vermişdik. Hadisədən sonra milli.az-ın
əməkdaşı özünü öldürmək istəyən 33 yaşlı Amil Vəzirovun evində olaraq onunla
söhbətləşib.
“Neçə
ildir mənə şəxsiyyət vəsiqəsi verilmir. Qızımın 8 yaşı var, amma şəxsiyyət
vəsiqəsi olmadığından məktəbə gedə bilmir”, - deyə A.Vəzirov söhbətə başlayır:
“Vətəndaşlıq
verilmir mənə. Övladlarım sənədsiz qalıb, atalıq hüququ verə bilmirəm. Həbsdə
olanda oğlumu bir təhər orta məktəbə düzəldiblər. Ancaq qızım sənədsizlik
ucbatından təhsilsiz qalıb”.
A.Vəzirov
deyir ki, bir neçə gün əvvəl vətəndaşlıq verilməməsinə etiraz olaraq
damarlarını da doğrayıb. Heç bir tədbir görülmədiyindən dünən özünü 9-cu
mərtəbədən atmaq qərarına gəlib. Dəfələrlə Xətai rayon Polis İdarəsinə
şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etsə də, vətəndaşlığı olmadığından
verilməyib. Əgər vəsiqə vermirlərsə, deportasiya etsinlər.
Qeyd
edək ki, A.Vəzirov dünən yaşadığı Xətai rayonu Məhəmməd Hadi küçəsi 21, mənzil
95-in eyvanına çıxaraq özünü aşağı atacağını bildirib. Əraziyə polis
əməkdaşları gələrək onu sakitləşdiriblər və fikrindən daşındırıblar.