Dünya
Bankının maliyyə dəstəyi ilə Ələt-Astara yolunu inşa edən İtaliyanın “Todini”
şirkətinin Azərbaycanı tərk etməsinə qərar veriləndən sonra şirkətin dəyəri 200
min dollar olan yükləyici traktoru oğurlanıb. Bu barədə virtualaz.org saytına
açıqlamasında Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov bilgi
verib.
E.Məmmədov deyib ki, hadisə Ələt-Astara yolunun Salyanın Sarvan kəndi
ərazisindən keçən hissəsində baş verib: “Şahid ifadələrinə görə, traktor gecə
saat 3-də oğurlanıb. Maşın torpaq yolda sürüləndən sonra nəhəng tirə yüklənib”.
Təşkilat rəhbəri bütün traktorlarda sistem quraşdırıldığını qeyd edib: “Məsələ
burasındadır ki, bütün traktor və ağır maşınların hərəkət cədvəli izlənilib.
Amma bu traktorun harada olduğunu müəyyənləşdirmək mümkün deyil”.
E.Məmmədov məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma
aparıldığını deyib: “Nəhəng tirin dövlət nömrə nişanı olmayıb. Buna görə də
avadanlığı tapmaq çətinləşib. Amma maraqlıdır ki, bu tipli tirlər təsadüfi
insanlarda deyil, yalnız iri şirkətlərdə olur. Oğurlanan traktor isə dəyərinə
görə ən bahalı maşın sayılır”.