Artıq iki gündür ki, on bir ayın sultanı olan müqəddəs ramazan ayı müsəlman dünyasında böyük coşquyla qeyd edilir. Etiraf edək ki, son illər Azərbaycanda İslam dininin inkişafı, dövlət-din münasibətlərinin müsbət tərəfləri daha çox nəzərə çarpır. Bu inkişafın mərkəzində isə bir qayda olaraq məscidlərin təmiri, yeni məscidlərin tikilməsi dayanıb. Bununla bağlı statistik rəqəmlər də mətbuatda yayımlanıb.
Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı açıqlanan hesabatında bildirilib ki, son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, eləcə də 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. Milli Məclisə təqdim olunan hesabatda Heydər Əliyev Fondunun dəstəyi ilə 7 məscid və ziyarətgahın inşa və ya əsaslı təmir olunduğu da vurğulanıb. Məscidlərin inşası və təmiri ilə bağlı bu statistik rəqəmlər sovet dönəmindən sonra Azərbaycanda İslamın intibah dövründən xəbər verib.
Gəncə şəhəri də tarix boyu digər bölgələrə nisbətən daha inanclı və dini dəyərləri özündə birləşdirən şəhər kimi yaddaşlarda qalıb. Burada mövcud olan 13 məsciddən 7-sinin indinin özündə də başqa təyinat üzrə qalması ilk baxışdan adi görünsə də mahiyyətinə varanda məlum olur ki, sovetlərin bağladığı məscidlər müstəqillik illərində də öz statusuna qovuşmayıb. Fərq yalnız bu olub ki, bir vaxtlar taxıl anbarı, barama sexi kimi fəaliyyət göstərən məscidlər indi mədəniyyət və təhsil obyektləri kimi fəaliyyətdədir. Əhali isə bunu birmənalı qarşılamır. Moderator.az bir neçə bir neçə gəncəlinin məsələyə münasibətini öyrənməyə çalışıb. İslam Hüseynov adlı şəhər sakini əvvəlcə bu məscidlərin adlarını sadalayır: “1884-cü ildə tikilən və şəhərin ən qədim məscidlərindən olan Ozan məscidi hazırda kitabxana, 1877-ci ildə tikilən Qızıl Hacılı məscidi Bağmanlar ərazi muzeyi, 17-ci əsrdə tikilən Zərrabi məscidi Nizami poeziya teatrı, 1884-cü ildə tikilən Xəlfəli məscidi 2 saylı mədəniyyət evi, 1825-ci ildə İran şahzadəsi Bəhmən Mirzənin qızı Səbiyyə xanım tərəfindən tikilən Hüseynliyə məscidi (Tatlar) Nizami kitabxanası, 19-cu əsrdə tikilən Şərəfxanlı məscidi kitabxana filialı və 19-cu əsrdə tikilən Molla Cəlilli ( İmamlı ) məscidi isə gənc texniklər mərkəzi kimi fəaliyyət göstərir. Məncə şəhər rəhbərliyi bu məscidlərin öz təyinatı üzrə istifadəsini təmin etməlidir.” Faiq Cavadov adlı şəhər sakini də gileylidir: “Bu gün mətbuatda yayımlanan məscidlərin təmiri və ya tikilməsi ilə bağlı statistik rəqəmlər və Gəncədə olan 7 məscidin hələ də öz statusuna qovuşmaması bizcə ziddiyyət yaradan fikirlərdir. Tariximizi, milli-dini mənsubiyyətimizi və kimliyimizi əks etdirən abidələr, məscidlər kitabxanalar və digər mədəniyyət ocaqları kimi qalırsa onda belə çıxmırmı sovet rejimindən gördüyümüzü bu gün də görürük?”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Firdovsi Kərimov isə məsələyə tamam fərqli yanaşıb. Moderator.az-ın sorğusuna şifahi açıqlamasında qurum rəsmisi deyib ki, “hazırda fəaliyyətdə olan məscidlər insanların ibadəti üçün tam kifayət edir. 200 nəfər tutumu olan məscidə 7-8 nəfərin gəlməsi ondan xəbər verir ki, bu gün ibadətlə maraqlanan yalnız Gəncədə olan əhalinin 1 faizini təşkil edir.”
Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətlisi Hacı Tahir isə Gəncə məscidlərinin təyinatı üzrə istifadə edilməməsiylə bağlı sualımıza bircə cümlə ilə cavab verdi ki, “məscidlər yalnız öz təyinatı üzrə işləməlidir”. Nəzərə çatdıraq ki, yerli statistikaya görə Gəncənin 500 min əhalisi var və əgər Firdovsi Kərimovun dedikləri doğrudursa deməli, Gəncə əhalisinin yalnız 5 min nəfəri ibadətlə məşğuldur. Bu iddianın nə dərəcədə doğru olub-olmadığını sübut etməyi isə gəncəlilərin öhdəsinə buraxırıq.