Din xadimlərinin dediyinə görə, Həzrət Cərcis Peyğəmbər Fələstində yaşayıb. Sonralar o Mosula köçüb. O vaxtlar Mosulda bütlərə inanan zalım bir padşah hakimiyyət sürürdü. Cərcis Peyğəmbər camaatı bütlərdən döndərib Allaha doğru çağırmağa başlayıb. Xeyli adam, hətta padşahın arvadı da imana gəldi. Padşah Cərcis Peyğəmbəriöldürmək üçün onu ən ağır işgəncələrə məruz qoyur.
Peyğəmbər dörd dəfə ölümcül işgəncə altına düşür: Onun bədəninin ətini dəmir daraqla qoparırlar. Onu qaynar yağın içinə atırlar, odda yandırır, başına mismar vururlar. Amma hər dəfə Allah-təala Həzrət Cərcisi sağ-salamat saxlayır. Yeddi ildən sonra Allahın hökmü ilə Həzrət Cərcis vəfat edir, padşah və tərəfdarları Allahın göndərdiyi bəla ilə məhv olurlar.
İraqın Mosul şəhərində Həzrət Cərcis Peyğəmbərin böyük məqbərəsi var. Azərbaycanın Beyləqan rayonunda da Cərcis Peyğəmbərə aid edilən məzar ziyarətgah kimi tanınır. Bu günlərdə həmin ziyarətgahda oldum. Azərbaycanın müxtəlif bölgələrindən insanlar bura gəlirlər. Gələnlərin kimisi qurbanlıq heyvan kəsir, kimisi nəzir verir, kimisi orda niyyət tutur”¦
Hava isti olmsına baxmayaraq burda kölgə tapmaq asandır, ağaçlar çoxdur. İnsanlar maşın-maşın bura gəlir.
Ziyarətgahın ətrafında qəbiristanlıq, şəkil çəkdirilən yerlər var. Həmçinin ərazidə dükan, qəssablar və kabab bişirənlər fəaliyyət göstərir. Qurbanlıq heyvan da satılır.
Qəssablar 5 manata qurbanlıq qoyunu kəsir, kababçılar bir şişi 1 manatdan kabab bişirirlər. İnsanlar deyirlər ki, qurban kəsilməsində halallıq və razılıq olmalıdır deyə göstərilən xidmətə görə qiyməti endirmək söhbətini etmirlər. Baxmayaraq ki, qiymətin bahalığından şikayətçidirlər.
Bu ziyarətgaha bəzən “Zəncirli pir” də deyirlər. Belə ki, məzarlığın üzərində məqbərə tikilib. Məqbərənin içərisindən zəncir asılıb. Zəncirə niyyət edilib yaylıqlar atılır, əgər zəncir tutarsa, diləyin həyata keçir anlamına gəlir. Məqbərənin içində iki mühafizə kamerası qurlaşdırılıb. Ən azı iki din xadimi burda əyləşir. Bu şəxslərdən biri yaylıq zəncirə atmaqla ən azı 1 manatdan pul yığır. Bir nəfər isə salavat çevrir. Ziyarətgahda nəzir qutusu da var. Orada adamlar kağız pul atırlar, orada olarkən qəpik atan görmədim.
Hər kəs bu məqbərənin üzərinə öz “imza”sını qoymağa çalışıb. Avtomobilinin nömrəsini yazan kim, adını və sevgilsinin adınır yazan kimi, dua edən kim...
Ramid İBRAHİMOV