2019-cu il başa çatmaq üzrədir. Bəs cari ildə bank sistemində gərəkli islahatlara imza atıldımı? Yoxsa bununla bağlı gözləntilər 2020-ci ilə qalacaq?
Moderator.az-a açıqlama verən bank-maliyyə məsələləri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bu sahədə görülməsi gərəkən çox işin olduğuna diqqət çəkdi:
“Son iki il nəinki bank sistemi üçün, ümumilikdə maliyyə sisytemi üçün durğunliq ilidir. Bu shaədə heç bir islahat, yeni qayda və yanaşma yoxdur. Hətta dövlət başçısının 2016-cı ildə təsdiq etdiyi maliyyə sektoru üzrə strateji yol xəritəsinə belə əməl edilmir. Məsələn, həmin xəritəyə görə 2018-ci ilin sonuna qədər bankların sağlamlaşdıırlması bitməli idi. Amma bitmədi.
Son 2 ildə heç bir dəyişiklik yoxdur. Dövlət başçısı həm 2004, həm də 2014-cü ildə, yəni iki dəfə Bank Məcəlləsinin hazırlanmasını tapşırmışdı. Amma bu məcəllə hələ də yoxdur. Indi nəzarət yenidən Mərkəzi Banka qayıdıb və Bank Məcəlləsini Mərkəzi Bank hazırlamalıdır.
Hər hansı bir islahat dedikdə öncə qanuni dəyişiklik başa düşülür. Mərkəzi Bank 15 ildir ki, Bank Məcəlləsinin yaradılması istiqamətində lazımi addımları atmır. Ona görə də indi bu sahədə çox böyük pərakəndəlik var. Banklar haqqında qanun, bank olmayan kredit təşkilatları haqqında qanun, əmanətlərin sığortalanması haqqında qanun, valyuta tənzimlənməsi haqqında qanun vəs . mövcuddur. Vahid, sistemli bir qanun isə yoxdur.
Ümidimiz gələn ilədir. Bank Məcəlləsi yaradılmasa, o zaman bu sahədə ciddi bir irəliləyişə nail olunmayacaq”.
Seymur ƏLİYEV