Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən oktyabrın 5-nə qədər Ermənistanda irimqiyaslı hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur.
Moderator.az olaraq hərbi ekspert Şair Ramaldanovla söhbətimizdə bu hərbi təlimlər və bu təlimlərə bağlı nüanslara aydınlıq gətirməyə çaışdıq.
-Şair müəllim, sentyabrın 24-də Ermənistanda irimiqyaslı hərbi təlimlərə start veriləcək. Bu təlimlər Ermənistanın müharibəyə hazırlığı kimi qiymətləndirilə bilərmi?
-Bunlar plan üzrə təlimlərdir. Yəni mütəmadi olaraq bütün SQ-lərdə keçirilən təlimlərdir. Ermənistanda da plan üzrə belə təlimlər keçirilir. Yəni Ermənistandakı təlimlərdə yeni heç nə yoxdur.
Mən deməzdim ki, bu, müharibəyə hazırlıqdır. Şübhəsiz, hər bir SQ-lərdə keçirilən hər bir tədbir gələcək müharibələrə bağlıdır. Çünki SQ-lər bu cür müharibələrə hazır olmalıdır. Amma bu təlim məqsədyönlü deyil. Bu təlimlərdə əvvəlcədən nəzərdə tutulan məsələlərə diqqət yetirilir. Bu təlimlərdə səfərbərliyə daha çox diqqət yetirilir.
-Təlimlər zamanı rezerv qüvvələrin 24 saat ərzində səfərbərlik əsasında orduya cəlb edilməsi nəzərdə tutulur. Sizcə təlimlər fonunda səfərbərlik məsələsinin də məşq edilməsi nə ilə bağlıdır?
- Bütün təlimlərdə səfərbərlik tədbirləri ilə bağlı iş aparılır. Azərbaycanın keçirdiyi təlimlərdə də səfərbərliklə bağlı təlimlər keçirilir. Səfərbərlik hərbi təlimlərin bir hissəsidir. Ona görə ki, müharibə vaxtı itkilər olur. Bu itkilərin bərpası səfərbərlik işinin təşkilindən asılıdır.
Erməni mediası bu təlimlərə böyük diqqət ayırır. Bunu hətta reklam edirlər. Ermənistanın dövlət başçısı xalqa müraciət edərək bildirdi ki, buna ciddi yanaşsınlar. Bu hazırda Ermənistanda gedən proseslərlə bağlıdır. Ermənistanda belə bir narahatlıq var ki, səfərbərlik elan edilən zaman bu çağırışa səs verməli olan heyət ola bilsin ki, səfərbərliyə gəlməsin. Ona görə də artıq dövlət başçısı səviyyəsində bu təlimlər fonunda xalqa belə bir müraciət ünvanlayırlar. Xalqı bu məsələyə diqqətli yanaşmağa səsləyirlər. Halbuki, bu, qanun çərçivəsində olan şeydir. Səfərbərliyin bəlli bir resursu var. Hər kəsin borcudur ki, çağırış gələrsə, bu çağırışa uyğun olaraq hərbi komisarlığa getsin və öz borcunu yerinə yetirsin. Bizdə də bu cür təlimlər keçirilir. Lakin bizdə heç vaxt ölkə başçısı ali baş komandan olaraq xalqa müraciət etməyib ki, təlimlərlə bağlı diqqətli olsun.
-Təlimlərin uzunmüddətli olması nə ilə bağlıdır?
-Təlimlərin 10 gün ərzində keçirilməsi planlaşdırlır. Hansı ki, adətən təlimlər 4-5 gün keçirilir. Ermənistanda keçirilən təlimlər zamanı qısamüddətli kursların təşkili nəzərdə tutulur.
-Hərbi təlimlərdə bu və ya digər şəkildə dövlət qurumlarının, bələdiyyə orqanlarının iştirakı da nəzərdə tutulur. Sizcə dövlət qurumlarının hərbi təlimlərə cəlbi nə ilə əlaqədardır?
-Yerli orqanların bu təlimlərə cəlb edilməsində təəccüblü heç nə yoxdur. Səfərbərliklə bağlı məsələlərin çoxu yerli orqan və dövlət qurumları ilə bağlıdır. Texnikaların, şəxsi heyətin səfərbərliyində icra orqanları, icra nümayəndələri, müxtəlif təşkilatlar, eləcə də bələdiyyə orqanları iştirak edir. Bu da təbiidir. Düşünmürəm ki, bu, məqsədyönlü müharibəyə hazırlıq tədbiridir.
-Necə hesab edirsiniz, Qarabağ probleminin həllinə siyasi-diplomatik müstəvidə nail olmaq mümkündürmü? Yoxsa problemin hərbi müstəvidə həlli daha real və qaçılmazdır?
-Azərbaycan Qarabağla bağlı öz mövqeyini bildirib. Heç kimə sirr deyil ki, artıq barıtın qoxusu gəlməkdədir. Qarabağ məsələsinin həllində Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir. “Qarabağ Ermənistandır, nöqtə” söyləmək o deməkdir ki, artıq danışıqlar məsələsinə nöqtə qoyulub və artıq Dağlıq Qarabağ probleminin həlli yolu müəyyənləşdirilib. Bu da hərbi yoldur. Artıq Azərbaycana sifariş verilib ki, Qarabağı istəyrisinizsə, onu danışıqlar yolu ilə əldə edə bilməyəcəksiniz. Bir dənə yolu var ki, bu da hərb yoludur. Azərbaycana bu formada mesaj göndərilib.
-O zaman belə çıxır ki, Azərbaycanın sülhsevər siyasətinə baxmayaraq, problemi hərbi müstəvidə həll etmək bir məcburiyyət olaraq meydana çıxacaq?
-Azərbaycanın müdafiə naziri cənab general-polkovnik Zakir Həsənov Real TV-yə müsahibəsində qeyd etdi ki, SQ-lər ali baş komandanın əmrini yerinə yetirməyə hazırdır və bu hazırlıq işlərini daha da gücləndirilməkdədir. Bu da onu göstərir ki, Azərbaycan gec-tez anti-terror əməliyaytı keçirərək öz torpaqlarını işğalçılardan azad edib ərazi bütövlüyünü bərpa etməyə məcbur olacaq.
Əlbəttə, bu fonda da Ermənistan müəyyən tədbirlər görməkdədir. Mən inamıram ki, Ermənistan özü müharibə ilə bağlı hər hansı addım atsın. Ancaq Azərbaycan tərəfinin atacağı addımlardan özlərini sığortalamaq üçün bu cür tədbirlər həyata keçirir, plan və imkanları müzakirə edirlər. Bununla bağlı lazımi tapşırıqları yerinə yetirməyə səy edirlər.
Ona görə də ermənilərin bu gün keçirdiyi təlimləri sabah müharibəyə başlamaq niyyətində olduqları kimi izah etmək doğru olmaz. Ermənistanın belə bir müharibə üçün gərəkli potensialı yoxdur. Bundan başqa, onlar aldıqlarını alıblar və onu əldə saxlamaqla məşğuldurlar. Düşünürəm ki, Ermənsitandakı təlimlər Azərbaycanın həyata keçirəcəyi anti-terror əməliyyatlarından müdafiə olunmağa hesablanıb.
Seymur ƏLİYEV