Xəbər verdiyimiz kimi, DSX Azərbaycan-Ermənistan təmas xəttində döyüş postlarını irəli çəkməklə neytral zonadakı torpaqları nəzarət altına götürüb. Bu, həmin torpaqlar üzəırində srəhədçilərimizin nəzarətini tam olaraq təmin etməklə yanaşı, düşmənə məxsus bir sıra infrastrukturların da hərbçilərimizin nəzarəti altına düşməsini təmin edib.
Moderator.az-a açıqlamasında baş verənləri şərh edən millət vəkili Aydın Mirzəzadə baş verənlərin hərbi, mənəvi və psixoloji baxımdan mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi:
“Bu hadisənin çox böyük önəmi var. Bu, Silahlı Qüvvələrimizin öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək qabiliyyətində olduğunu göstərir. Yüksək texniki təchizat, hərbi qulluqçularımızın peşəkarlığı öz nəticəsini verməkdədir. Azərbaycan işğal altındakı torpaqlarını azad edərək nəzarətə götürür. Bu, yalnız cəbhə xəttində deyil, eyni zamanda Ermənistanla sərhəd xəttində də həyata keçirilir. Çünki ötən əsrin 90-cı illərində həmin ərazilər Ermənistan tərəfindən nəzarətə götürülmüşdü. Indi hərbçilərimizin bu torpaqları geri qaytarması prosesi baş verir. Yada salım ki, ötən ilin may ayında Naxçıvanda Günnüt kəndi və onun yaxınlığındakı yüksəklik nəzarətə götürülmüşdü. Indi isə gələn məlumata görə sərhəddə yeni ərazilər nəzarətə götürülüb. Bu, göstərir ki, Azərbaycan öz torpaqlarını heç kəs güzəştə getmək fikrində deyil. Ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycanın kifayət qədər gücü və potensialı var. Bu, düşmənə çox ciddi xəbərdarlıqdır.
Mən bir vətəndaş olaraq sərhədçilərimizə bu fədakarlığına görə öz təşəkkürümü bildirirəm. Biz əsgərlərimizlə fəxr edir, onları dəstəkləyirik”.
Seymur ƏLİYEV