Həyatla vaxtsız vidalaşan, sadəliyi, mənəvi paklığı və təmənnasızlığı ilə hər kəsə örnək olan böyük insan, istedadlı hüquqşünas, dostum Əyyub Kərimovun xatirəsinə sonsuz ehtiramla...
Arxanca danışmağa izn ver...
Salam əziz dost. Nəhayət günlər uzunudur ki, davam edən ağır və üzücü düşüncələrin ardınca sənə bu məktubu yazmağı qərar aldım. Yazdığım bu məktubun sənə çatıb-çatmayacağını bilmirəm. Bəlkə də hər şey bu məktubsuz da bəllidir sənə. Bəlkə də heç vaxt heç bir şəkildə bu məktubdan xəbərin olmayacaq. Bəlkə də sən olmadığın dünyada sənə ünvanlanan hər şey kimi bu məktubun da artıq heç bir əhəmiyyəti yoxdur. Ancaq mən yenə də sənin haqqındakı düşüncələrimi səninlə bölüşmək istəyirəm. Istəyirəm ki, uzun illərdir ki, haqqında düşündüyüm, amma heç vaxt üzünə demədiyim həqiqətləri gec də olsa sənə çatdırım. Odur ki, sənin haqqındakı düşüncələrimə keçməmişdən öncə səndən sənin arxanca danışmaq üçün icazə istəyirəm dost. Mənə üzünə demədiklərimi arxanca danışmaq üçün icazə ver... Axı bilirsən, mən səninlə bağlı heç nəyi səninlə razılaşmamş etmədim heç vaxt. Necə ki, bu gün də etmək istmirəm. Baxmayaraq ki, sənin mənə inamın sonsuz idi və bu inam özlüyündə mənə hər cür icazəni verirdi.
Səninlə danışmaq heç vaxt belə çətin olmamışdı...
Biz heç vaxt üz-üzə, qarşı-qarşıya oturmadıq səninlə. Bir-birmizin gözlərinə baxaraq danışmadıq. Dediyimiz sözlərin təsdiqini axtarmadıq üz cizgilərimizdə. Bir-birimizə sınayıcı nəzərlərlə baxmadıq heç zaman. Çay içib çörək kəsmədik. Yanaşı bir şəklimiz belə olmadı. Amma hər gün qarşılaşdığımz, birgə çörək kəsdiyimiz çox insandan daha yaxın olduq səninlə. 12 illik dostluğumuz ərzində bir kəs belə olsun aramızda hər hansı anaşılmazlıq, narazılıq olmadı. Bir kəs belə olsun haçalanmadı düşüncəmiz. Bir kəs belə olsun məyus etmədik bir-birimizi. Ancaq bizi dost edən düşüncə və baxışlarımızdakı eynilik deyildi. Bizi dost edən ruhi-mənəvi dünyamızdakı eynilik idi. Məhz buna görə də biz bir-birimizi sözsüz də anlamağı bacarırdıq. Bizim aramızda deyilməyən sözlərin, bitməyən fikirlərin mahiyyətini anlamaq vərdişə çevrilmişdi. İndi mənə elə gəlir ki, biz sözsüz belə danışa bilərdik, anlaya bilərdik bir-birimizi. Kəlmə belə kəsmədən saatlarla söhbət edə bilərdik bir-birimizlə. Bəlkə də elə buna görə də heç vaxt məxsusi olaraq üz-üzə görüşməyə ehtiyac etmədik. Çünki biz bunsuz da bir birimizi görə bilirdik.
Ancaq indi bir şeyi etiraf etməliyəm. Etiraf etməliyəm ki, səninlə danışmaq heç vaxt belə çətin olmamışdı mənə. Heç vaxt belə üzücü olmamışdı susqunluğun. Bu susqunluq o qədər dərin, o qədər ümidsiz, o qədər hüdudsuzdur ki... Mən – səni sözsüz belə anlayan biri üçün belə qorxunc və hürküdücüdür bu susqunluq. Eyniylə səni alıb aparan ölümün özü qədər...
“Özünü də, məni də qoru” demişdin, amma...
Yadındadırmı, daim mənə yazılarımda diqqətli olmağı, emosidan, kəskin söz və ifadələrdən qaçmağın vacibliyini xatırladır və “özünü də, məni də qoru” deyirdin. Həssas bir dönəmdə yaşadığımızı, bəzən “heç nə”dən insanın problemlə üz-üzə qaldığını bildirirdin. Və mən hər zaman əminlik hissi ilə narahatlıq üçün heç bir səbəb olmadığını bildirir, daim diqqətli olacağıma söz veridim. Mən sözümü tutdum dost. Birgə əməyimizin məhsulu olan yazılarla bağlı nə sənə, nə də özümə bir dəfə də olsun problem yaratmadım. “Heç nə”dən nə özümü, nə də səni hansısa çətinliklə üz-üzə qoymadım. Ancaq o zaman ağlıma belə gəlməzdi ki, səni əsl qorumalı olduğumuz təhlükə başqadır. Və o təhlükə səni özünü ən çox güvəndə hiss etdiyin bir vaxtda, anidən yaxalayacaq. Və sənə sevdiklərinlə vidalaşacaq qədər belə zaman tanımayacaqdır.
Ən böyük arzuna çatdın dost, buna əmin ola bilərsən...
Mən sənə demək olar ki, hər zaman sırf işlə bağlı zəng edər, hansısa məsələ ilə bağlı açıqlama alar, yaxud məsləhət verməyini xahiş edirdim. Sənsə bəzən şahid olduğun, içində təbəddülat doğuran, səni narahat edən, həyəcanlandıran, düşündürən məsələlərlə bağlı da mənə zəng edər, öz hiss və fikirlərini bir dost kimi mənlə bölüşərdin. Tarixini dəqiq xatırlamasam da, bu söhbətlərin birində həyatda ən böyük arzunun ömrünü ləyaqətlə başa vurmaq olduğunu söyləmişdin. Demişdin ki, bu dünyada insanın sahib olması gərəkən ən böyük var-dövlət onun ləyaqəti, mənəvi paklığıdır.
Sən ən böyük arzuna çatdın dost. Sən bu həyatı necə yaşadınsa eləcə də tərk etin – ləyaqətlə, mərdcəsinə, sifətdən-sifətə, dondan-dona düşmədən... Və sənin bu ölümün qarşısında çox insanın diriliyi inan ki, heç nədir... Heç nə...
Bilirsən, övladların ömrü atalarından uzun olur...
Ötən il “Femida”nın 25 illik ərəfəsində də mənə zəng etmişdin. Sevinirdin. Bu, doğma övladın kimi böyütdüyün “Femida”nın 25 illik zərvəyə yüksəlməsinin sevinci idi. O zaman səninlə “Femida”nın 25 illik inkişaf yolundan, bu yolda qazanılan dostlardan, düşmənlərdən bəhs etdik. Müsahibəyə çevrilən söhbətimizin gedişində söz qəzetin tirajından, satış faizindən düşdü. Bu zaman bildirdin ki, sənin üçün önəmli olan qəzetin satış faizi deyil, onun mövqeyi, simasıdır. Dedin ki, qəzet cəmi 3 ədəd də satıla bilər. Bu,faciə deyil. Əsl faciə qəzetin səviyyədən, simadan məhrum olmasıdır. (//moderator.az/news/174629.html ). Bu fikir sənin yaşamının, fəaliyyətinin bütün sahələrində ləyaqətli olmağa nə qədər dəyər verdiyini göstərirdi.
Bu gün “Femida” öz yaşamına sənsiz davam etmək məcburiyyətindədir. Eyniylə atalarını dəfn edən, onları son mənzilə yola salan oğullar kimi...
Bilirsən,övladların ömrü atalarından daha uzun olur dost. Bu mənada “Femida”nın da səndən daha uzunömürlü olacağına ümid edə bilərsən. Və sən hər zaman olduğu kimi bundan sonra da “Femida”nın bir parçası olaraq qalacaqsan.
Bu da mənim xoşbəxtliyimdir...
Artıq vəfatından aylar ötüb. Ancaq hələ də nömrən telefonumdadır. Baxmayaraq ki, daha bu nömrədən heç vaxt zəng gəlməyəcəyini, bu nömrəyə heç vaxt zəng etməyəcəyimi bilirəm. Ancaq yenə də nömrənlə vidalaşmağa əlim gəlmir. Baxmayaraq ki, sağ ikən nömrəsini telefonumuzdan, xatirəsini ürəyimizdən sildiyimiz o qədər doğmalar, yadlar var ki...
Bəzən kiminsə nömrəsini axtardığım zaman nömrən qarşıma çıxır və hirsli-hikkəli inadkar uşaq ədası ilə susan bu nömrə qəlbimdə uyuyan ağrı və nisgili yenidən oyadır. Amma bütün bunlara baxmayaraq nömrənin hələ də telefonumda olmağı mənə güvən verir. Məni daha da güclü edir sanki. Mənə elə gəlir ki, bu nömrə elə-belə, məqsədsiz susmayıb. O, daim mənə göz qoyur, məni izləyir və sanki mənim dara düşəcəyimiz günü gözləyir. Bəzən mənə elə gəlir ki, o nömrə məhz həmin an yenidən dilə gələcək, telefonumun ekranında əks olunacaqdır.
Sənin telefonunda həyatdan gedən, amma nömrəsini telefonunda hifz etdiyin kimsə olubmu, bilmirəm. Amma mənim həyatımda var. Hər dəfə bu nömrəyə baxanda keçmişimdə sənin kimi işıqlı bir insanın olduğunu xatırlayıram və istər-istəməz üzümdə kədərli bir təbəssüm yer alır. Sənin yoxluğundan doğan kədərlə sənin nə zamansa var olduğundan doğan sevincin təcəssümüdür bu.
Əslində bu da mənim xoşbəxtliyimdir dost. Səni tanımağın, səninlə çalışmağın, səninlə həmkar olmağın, səninlə eyni xatirəyə sahib olmağın xoşbəxtliyi... Və bu xoşbəxtliyə görə sənə minnətdaram... Çox sağ ol dost. Səni tanımağımıza imkan verdiyin, həyatımıza işıq gətirdiyin, bizə paklıq və ləyaqət nümunəsi olduğun üçün...
Seymur Əliyev
e-mail: [email protected]