Filippinli boksçu Menni Pakyao ölkə prezidentliyinə namizəd olduğunu rəsmən açıqlayıb. Moderator.az bu barədə “Insider” qəzetinə istinadla yazır. Qəzet hesab edir ki, görünür, idmançı Las Veqasdakı son “şok məğlubiyyət”dən sonra özünü tamamilə siyasi karyeraya həsr etmək qərarına gəlib.
Menni Pakyao yeni döyüşə - prezidentlik uğrunda mübarizəyə hazırlaşır. “Insider” yazır ki, məşhur boksçu Filippin Demokratik Partiyası - Xalqın Gücü (FDP-Laban) siyasi təşkilatının toplantısında namizədliyini irəli sürməyə razılıq verib.
42 yaşlı Pakyao hazırda Senatda FDP-Labanı təmsil edir. Qəzet qeyd edir ki, ölkənin hazırkı prezidenti Rodriqo Duterte də eyni partiyadadır, lakin rəqib fraksiyanın üzvüdür.
Pakyao partiya qurultayında bu sözləri deyib: “Mən döyüşçüyəm və həmişə də belə olacağam, həm rinqdə, həm də ondan kənarda. Həyatım boyunca heç vaxt döyüşdən imtina etməmişəm. Allah qismət edərsə, mümkünsüz heç nə yoxdur”.
Qəzet bir məsələyə də diqqəti yönəldir. Belə ki, Filippin konstitusiyası Dutertenin növbəti 6 illik müddətə namizədliyini irəli sürməsinə icazə vermir. Amma o, vitse-prezident postuna namizəd ola bilər.
Pakyao və Duterte arasında münasibətlər heç də yaxşı deyil. İyul ayında boksçu Pekinin Cənubi Çin dənizindəki “təcavüzkar ərazi iddialarına” yumşaq münasibətinə görə ölkə prezidentini tənqid etmiş və dövlət başçısını hökumətdəki rüşvət və korrupsiya ilə mübarizə aparmamaqda günahlandırmışdı.
Şayiələrə görə, Pakyao Yordenis Uqasa Las-Veqasdakı “şok məğlubiyyət”indən sonra idman karyerasına son qoymaq istəyir. “Insider” qeyd edir ki, döyüşdən sonra lentə alınan videoda ağır zədələr alan filippinli boksçunun qaşıqla necə yedizdirildiyi görünür.
Miraslan