Şimali Koreya hökuməti öz lideri Kim Çen In üçün yeni piar kampaniyasına başlayıb. O, bu yaxınlarda haqqında öldüyü və hətta edam edildiyi ilə bağlı şayiələr dolaşan həyat yoldaşıyla ictimaiyyət qarşısına çıxıb. Bundan əlavə, KXDR rəhbəri arıqlayıb və yanvarda isə o, nüvə başlığı daşıya bilən raketlər də daxil olmaqla, bir sıra raket sınaqları həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazır. Diktator Kim Çen Inın beş aydır ki, görünməyən həyat yoldaşı indi qəfildən ictimaiyyət qarşısına çıxıb. Kimin həyat yoldaşının mümkün ölümü və hətta edam edilməsi ilə bağlı şayiələr yayıldıqdan sonra diktator və xanımı Li Sol Çju Pxenyandakı teatr tamaşasında özlərini dövlət mediasına nümayiş etdiriblər.
Görünür, Şimali Koreyada hökumət indi yeni piar kampaniyası aparır. Məsələn, çox qəribə bir təbliğat filmi Kim Çen Inı həmişəki kimi təmtəraqlı formada göstərir, həm də arıqladığını bildirir. Onun səhhət problemləri ilə bağlı şayiələr daim yaranırdı, amma indi buna son qoyulacaq. Təbliğat videosunda liderin son vaxtlar xalqı üçün var gücüylə mübarizə apardığı səbəbindən çox arıqladığı bildirilir.
Təbliğat maşını daxildə diktatorun şəxsiyyətə pərəstişini gücləndirməkdə davam edərkən, o, yeni raket sınaqları ilə ölkə sərhədlərindən kənarda narahatlıq doğurur. Şimali Koreya yanvar ayında yeddi raket sınağı həyata keçirib, lakin ötən bazar günü baş tutan sonuncu buraxılış qeyri-adi olub. Belə ki, rejim 2017-ci ildən bəri ilk dəfə olaraq nüvə başlığı daşıya bilən uçan obyekti havaya buraxıb.
Buna baxmayaraq, Şimali Koreyada insanlar Ay ilinin başlanmasını qeyd edir və ölkənin qurucusu Kim İr Senin və keçmiş diktator Kim Çen İrin heykəlləri önünə gül dəstələri qoyurlar. Bütün bunları dövlət televiziyası yayımlayır. İnsanların maska taxması təəccüblüdür, çünki dünyadan təcrid olunmuş ölkədə indiyədək heç bir COVID-19 infeksiyası rəsmi olaraq qeydə alınmayıb.
Miraslan