Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan insan haqları müdafiəçisi Osman Kavalanın azad edilməsini tələb edən 10 ölkənin səfirlərini ölkədən qovmaqla hədələyib.
Moderator.az qardaş ölkə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Kanada, ABŞ, Almaniya və Fransanın diplomatik idarələrinin rəhbərlərini çağıraraq onlardan diplomatik əlaqələr haqqında Vyana konvensiyasına riayət etməyi tələb edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq müdafiəçisi Osman Kavalanın azadlığa buraxılması tələbi ilə bağlı məktub imzalayan Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirlərini ölkədən qovacağı ilə hədələyib.
“Niyə bu on səfir belə bəyanatlar verir? Xarici İşlər Nazirliyimizə dedim ki, onları ölkəmizdə qəbul etməməliyik. Sən kimsən ki, Türkiyəyə dərs keçəsən? Kavala ilə bağlı mövzunu bağlayın. Məgər siz öz ölkələrinizdə qatilləri, terrorçuları, quldurları saxlayırsınız? Məgər Amerika Almaniya və başqa ölkələr bunu edirmi? Həmişə cavab verirlər ki, məhkəmə müstəqildir. Belə çıxır ki, sizin məhkəməniz müstəqildir, bizimki yox? Bizim məhkəməmiz müstəqilliyin ən yaxşı nümunəsini göstərir!”, - deyə “Habertürk” telekanalının saytı Türkiyə liderinin sözlərini sitat gətirir.
Ərdoğan Kavala və digər həbs olunmuş şəxs Səlahəddin Dəmirtaşla bağlı vəziyyət haqqında daha ətraflı danışıb. “Kavala və Dəmirtaşın əməlləri göz qabağında olan terror ocaqlarıdır. Kavalanın digər oxşar vəziyyətlərdən fərqi var, çünki o, Soros Fondu tərəfindən maliyyələşdirilir. Onlar pullarını gətirdikləri yerlərdə həyəcan yaratmağa çalışırlar, ona görə də onları çox diqqətlə izləmək lazımdır. Balkanları qorxutmaq üçün ora girməyə çalışırlar. Bunu Kosovo, Albaniya, Şimali Makedoniya və digər ölkələrdə də edirlər. Buna görə də biz onları Türkiyəyə buraxmamalıyıq”, - deyə o davam edib.
Xatırladaq ki, Osman Kavala Türkiyənin ən məşhur insan haqları müdafiəçilərindən biri, milli azlıqların layihələrini dəstəkləyən, türklərin kürd və ermənilərlə barışmasını müdafiə edən “Anadolu Kültür AŞ” mədəni fondunun qurucusudur. Ötən qış o, 2013-cü ildə İstanbulun Taksim meydanı yaxınlığındakı Gəzi parkında baş verən iğtişaşlara görə bəraət qazanmışdı. Lakin Türkiyə prokurorluğu 2016-cı ilin yayında baş vermiş dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə Kavalanın həbsinə dərhal yeni order verdi.
Öz növbəsində Səlahəddin Dəmirtaş terrorda ittiham olunur. Türkiyə parlamentinin keçmiş deputatına üst-üstə 140 ildən çox həbs müddəti hökmü çıxarıla bilər.
2020-ci ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsi Dəmirtaşın lehinə qərar çıxararaq Ankaradan siyasətçinin dərhal azad edilməsini tələb etmişdi.
Avropa İnsan Haqları Məhkəməsinin qərarını şərh edən prezident Ərdoğan bu hökmü siyasi motivli adlandırıb: “39 soydaşımızın ölümünə görə məsuliyyət daşıyan şəxsin azadlığa buraxılmasını tələb etmək ikili standartların və ikiüzlülüyün təzahürüdür”.
Prezident öldürülən vətəndaşlar dedikdə 2014-cü ildə ölkənin cənub-şərqində baş vermiş iğtişaşlar nəticəsində həlak olanları nəzərdə tutur. O vaxt kürd icmasının nümayəndələri Türkiyə hökumətinin Suriyanın şimalındakı Kobani şəhərinin İŞİD hərəkatının tərəfdarlarına təslim edilməsinin qarşısını almaq üçün hərbi əməliyyatdan imtina etməsinə etiraz olaraq aksiyalar keçirmişdilər.
Etirazlar kürdlərlə islamçı millətçilər arasında şiddətli toqquşmalarla başlamışdı. Türkiyə hökuməti məsuliyyəti o vaxt Dəmirtaşın rəhbərlik etdiyi “Xalqların Demokratik Partiyası”nın üzərinə qoymuşdu.
Miraslan