Konstitusiya Məhkəməsinin qərarından sonra Polşanın Aİ-dən çıxa biləcəyi ilə bağlı qorxular “Avropa İttifaqı olmadan Avropa” və “Polşanı Aİ xaricində” təsəvvür edə bilməyən gənc polyak nəslini narahat edir. Moderator.az bildirir ki, bu barədə Polşa jurnalisti Daqmara Pakula yazır. O, “Onet” portalında gənclərin mümkün “poleksit”i naməlum sulara və “qara geosiyasi dəliyə” bərabər tutduqlarına diqqəti çəkir.
Bu bazar günü Polşanın 160 şəhərində “Avropa İttifaqında qalırıq” şüarı altında nümayişlər keçirilib. Etirazlar Polşa Konstitusiya Məhkəməsinin Polşa qanunlarının Avropadan üstünlüyünü təsdiq edən qərarının nəticəsi idi. Polşalı jurnalist yazır ki, gənclər Krakovdakı aksiyalarda xüsusə fəal olublar.
Etirazçıların əksəriyyəti ölkədəki vəziyyətdən çox narahatdır, lakin Aİ üzvlüyü onlara itirməyə hazır olmadıqları dərəcədə təhlükəsizlik verir. Onlar Polşa bu yolu seçəcəyi təqdirdə Aİ strukturlarında marginallaşacağını və sonra mümkün “poleksit” olacağını gizlətmirlər.
Jurnalist bəzi polşalı gənclərin Aİ xaricindəki həyatın necə olacağını təsəvvür edə bilməmələrinə və bu hissi özlərinə yaxın buraxmamalarına diqqəti çəkir: “Bəziləri Polşanın Aİ-yə daxil olduğu anı xatırlaya bilməyəcək qədər kiçikdir. Digərləri həmin vaxt yeniyetmə idi. Onları bir ortaq cəhət birləşdirir: 2004-cü ildəki vəziyyətə qayıda biləcəyimizi təsəvvür edə bilmirlər”.
20 yaşlı etirazçı Mixail Kosnonun sözlərinə görə, Aİ uzun illər davam edən beynəlxalq münaqişələrdən sonra Polşada sülhə zəmanət verdi, üstəlik, dövlətlər nəhayət bir-biri ilə əməkdaşlıq etməyə başladılar: “Əgər məsələ Aİ-dən çıxmaq həddinə çatsa, mütləq təhlükəsizliyimizi itirərik. Ancaq daha pisi odur ki, bizi başqa nə gözlədiyini bilmirik. Biz naməlum sulara girəcəyik və burda söhbət təkcə yaxın illərdə Aİ-nin maliyyələşdirməsinə duyacağımız ehtiyacdan getmir. Onilliklər təhlükədədir. Bu qərar mənim və gələcək nəsillərin həyatına təsir edəcək”.
Öz növbəsində 19 yaşlı Katsper Dudzyak “poleksit” ideyasına qarşı çıxır, çünki onun üçün Aİ Polşanın təhlükəsizliyi, sabitliyi və inkişafı deməkdir. “Aİ üzvlüyü həm də ölkəmizin “geosiyasi qara dəliyə” düşməməsini təmin edir. Rusiyanın daha aqressiv davranışını nəzərə alsaq, bu, başlıca məqamdır”, - deyə o, izah edir. Gənc çox qorxur ki, Aİ-dən çıxdıqdan sonra Hüquq və Ədalət Partiyası avtoritar dövlət qurmaq üçün yüksək sürət götürəcək və nəticədə Polşa özünü “Putinin təsir dairəsində” tapacaq.
Digər 20 yaşlı hüquq fakültəsinin tələbəsi “Polşada gənclərin özünü yalnız polyak deyil, həm də avropalı hiss etdiyini” deyir, buna görə də Konstitusiya Məhkəməsində bir neçə ildir baş verənlər yalnız qalmaqal yaradır. Gənclər polyakların Aİ-dən rəsmi və ya qeyri-rəsmi şəkildə çıxarılmasına razı deyillər.
Digər nümayişçilər eynicinslilərin evlənmə ehtimalının olmamasından, abortun qadağan edilməsindən, absurd vergi sistemindən və Polşa-Belarus sərhədindəki hazırkı vəziyyətdən şikayətləniblər: “Əslində etiraz üçün bir çox səbəb var, bu səbəbdən bu gün burdayıq”.
Miraslan