Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Tovuz rayonu ərazisində yerləşən Yuxarı Öysüzlü kəndinə səfər edilib.
Yuxarı Öysüzlü kəndi Tovuzun ən böyük yaşayış məntəqələrindən biri hesab olunur. Vaxtilə 6-7 min nəfər əhalisi olan kənddə son illərdə artım müşahidə olunub və əhali sayı 8 mini keçib. Kənd həm geniş ərazisi, həm də zəhmətkeş insanları ilə seçilir.
Veriliş çərçivəsində kənd sakinləri ilə həmsöhbət olunub, onların gündəlik həyatı, sosial problemləri və kəndə bağlılıqları barədə fikirləri öyrənilib. Sakinlər əsas problemlərdən birinin içməli su çatışmazlığı olduğunu bildiriblər.
Kənd sakini Etibar bəyin sözlərinə görə, su xətləri çəkilsə də, hələ də istifadəyə verilməyib:
"Bulaqlar tikilib, xətlər çəkilib, amma su verən yoxdur. Yay gəlir, ən böyük dərdimiz sudur".
Verilişdə kəndin tarixi məkanlarına da baş çəkilib. 1874-cü ilə aid olan kənd məscidi və qədim bəy evləri bu ərazinin mühüm tarixi abidələri kimi təqdim olunub. Bildirilib ki, bu tikililər vaxtilə həm yaşayış evi, həm də məktəb və uşaq evi kimi istifadə edilib.
Kəndin adı ilə bağlı maraqlı məlumatlar da diqqətə çatdırılıb. Əvvəllər "Öksüzlü" adlanan bu yaşayış məntəqəsinin adı zamanla dil dəyişiklikləri nəticəsində "Öysüzlü" formasına düşüb və "evsizlər" mənasını ifadə edib.