Dənizdən mühasirə: İran yumşalacaqmı? - VİDEO
435
14:52, Bu gün

Dənizdən mühasirə: İran yumşalacaqmı? - VİDEO

"Ötən həftəsonu diplomatik cəhdlər ciddi uğursuzluqla nəticələnib: İslamabadda Amerika Birləşmiş Ştatları ilə İran arasında keçirilən yüksək səviyyəli danışıqlar heç bir nəticə verməyib. İran nümayəndə heyəti Vaşinqtonun nüvə proqramının tamamilə dayandırılması, zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi və strateji əhəmiyyətə malik Hörmüz boğazının dərhal açılması kimi ultimatum tələblərinə qəti şəkildə rədd cavabı verib".
 
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının növbəti analitik süjetində məlumat verilib.
 
Beynəlxalq ictimaiyyət bu diplomatik iflasın Yaxın Şərqdə yeni genişmiqyaslı müharibəyə səbəb olub-olmayacağını və ya tərəflərin yenidən danışıqlar masasına qayıdacağını gözlədiyi bir vaxtda, Vaşinqton gözlənilməz və çox sərt bir addım atıb. Ağ Ev rəsmi olaraq İslam Respublikasının tam dəniz blokadasına alındığını elan edib. Prezident Donald Trampın birbaşa göstərişi ilə hərəkət edən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 12-nə keçən gecə rəsmi kommünike yayımlayıb. Hərbi sənədə əsasən, aprelin 13-dən (Şimali Amerika şərq vaxtı ilə səhər saat 10:00-dan, Tehran vaxtı ilə saat 17:30-dan) etibarən ABŞ hərbçiləri İran limanlarına daxil olan və oradan çıxan bütün dəniz nəqliyyatının hərəkətini bloklamağa başlayır. Qeyd olunub ki, blokada, dövlət mənsubiyyətindən və bayrağından asılı olmayaraq, marşrutu İran sahillərinə doğru uzanan bütün gəmilərə şamil ediləcək. Müdaxilə zonası təkcə daxili suları deyil, həm də Ərəbistan dənizi və Oman körfəzindəki limanları əhatə edir. Eyni zamanda, qurum xüsusi olaraq vurğulayıb ki, ABŞ hərbi dəniz qüvvələri Hörmüz boğazından tranzit keçməklə digər ölkələrin limanlarına gedən ticarət gəmilərinin sərbəst hərəkətinə maneə yaratmayacaq.
 
CENTCOM-un rəsmi bəyanatı dərc edildikdən qısa müddət sonra Ağ Ev rəhbəri bir sıra qətiyyətli açıqlamalarla çıxış edib. "Mən hərbi dəniz donanmamıza beynəlxalq sularda İrana tranzit rüsumu ödəyən istənilən gəmini yoxlamaq və saxlamaq əmri vermişəm. Qanunsuz yığımlarla bu rejimi maliyyələşdirənlərin heç biri açıq dənizdə təhlükəsiz keçid hüququ əldə etməyəcək", - deyə Donald Tramp bildirib. Çıxışının sonunda prezident sərt bir xəbərdarlıq edərək, müqavimət göstərməyə və ya blokadanın icrasına mane olmağa cəhd edən istənilən İran gəmisinin dərhal məhv ediləcəyini vurğulayıb.
 
Daha ətraflı videomaterialda:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər