Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Sahib İbrahimov illər sonra etdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb.
Sənətçi "Öz Aramızda" proqramında qonaq olarkən keçmiş illərlə bağlı maraqlı və eyni zamanda düşündürücü etiraflar edib. O bildirib ki, vaxtilə dövlət qurumlarında solist kimi fəaliyyət göstərməsinə baxmayaraq, televiziya efirlərinə çıxmaq onun üçün heç də asan olmayıb.
İbrahimov qeyd edib ki, o, Azərbaycan Dövlət Muğam Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı və Həzi Aslanov adına Hərbi Ansambl kimi nüfuzlu sənət ocaqlarının solisti olub. Buna baxmayaraq, televiziya rəhbərlərinə müraciət etdikdə müsbət cavab ala bilmədiyini deyib.
Müğənninin sözlərinə görə, o dövrdə efirə çıxmaq üçün əsas şərtlərdən biri maddi imkanlarla bağlı olub:
"Televiziyalara müraciət edəndə rəhbər şəxslər deyirdi ki, 'gözümüzün iki-si aydın', amma bəzi müğənnilər keçmişini danışmırdı deyə efirə buraxılmırdı. Maddi səbəblərə görə efirə çıxmaq mümkün olmurdu. Verilişin 'qiymətini' ödəməlisən deyirdilər".
Sahib İbrahimov əlavə edib ki, bu hallar xüsusilə 20-25 il əvvəl daha qabarıq hiss olunurdu və nəticədə bir çox istedadlı sənətçilər tanınmaq imkanı əldə edə bilməyib:
"İndi tanınmaq daha rahatdır, istedadlı insanlar efirə çıxa bilir. Amma o vaxt hər şey maddiyyata bağlı idi. Çox istedadlar itib getdi".
Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin fikirlərini dəstəkləyərək, keçmişdə efir siyasətində mövcud olan problemlərin bir çox istedadın üzə çıxmasına mane olduğunu bildiriblər. /milli.az/