“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - Efirlərdən uzaq düşən xalq artistindən toy sahiblərinə TƏKLİF
Şou-biznes
400
29 Nov 2024 | 23:15

“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - Efirlərdən uzaq düşən xalq artistindən toy sahiblərinə TƏKLİF

“Hansı efirdə, hansı verilişdə özümü görürəmsə ora da gedirəm. Özümə layiq bilmədiyim verilişlərə getmirəm. Düzdür, tamaşaçılar bizi qınayırlar ki, niyə efirə çıxmırsız? Tək məni yox, başqa həmkarlarımı da qınayırlar ki, niyə efirlərdə görünmürsüz, niyə meydanı bəsit mahnı ifa edənlərə vermisiz? Bu sualları mənə çox verirlər və cavablandırmağa acizəm. Mənim evim çalışdığım Bakı Musiqi Akademiyasına çox yaxındır. 5 dəqiqəlik məsafədə yaşayıram. Bu vaxt ərzində işə gedərkən tanıyıb yaxınlaşırlar, darıxdıqlarını deyirlər. Düzdür, bizim indi yaxşı, səviyyəli, səhnədə öz mahnıları ilə hörmət qazanan ifaçılarımız da çoxdur. Amma bayağı ifalar ondan da çoxdur. Amma telekanal rəhbərləri, telekanal işçiləri gərək bu kimi hallara son qoysunlar. Çünki bizim buna gücümüz çatmır. Niyə görə mən bəsit, bayağı mahnıların səsləndiyi verilişdə gedib oturmalıyam? İnsan özünü gördüyü yerdə olar”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, uzun müddətdir efirlərdən uzaq düşən Zümrüd Məmmədova deyib. O daha sonra toylarda fanaqram oxuyan bəzi müğənniləri tənqid edib:
 
“Hər kəs asan işə qaçır. Bəsit, bayağı, zövqsüz mahnılarla camaatı da bezdiriblər. Əvvəl toy qurtarırdı, gəlinlə bəy dururdu, camaat getmirdi. İndi saat 10-da zal boşalır. Eyni səviyyədə, səsləndirmədə mahnılar camaatın əsəblərini pozur. Ona görə də hər şey monotondur. Bir mahnını oxuyurlar, kompyuter səsi düzəldir, fanaqram qoyurlar. Toy sahiblərinə üzümü tutub deyirəm ki, müğənnilərin toyunuzda fanaqram oxumasına icazə verməyin. Siz onlara pul verirsiniz. Hansı müğənninin gücü çatırsa oxusun. Müğənni tanıyıram ki, toy danışıb, gəlib başqasının səsi ilə 3-4 mahnı oxuyub, çıxıb gedib. Günahı toy sahiblərində görürəm. Onlar gərək pullarını belə səpələməsinlər. Bayağı müğənnilər o vaxtı da olub, amma onlar efir üzü görməyiblər. Ancaq toylarda oxuyurdular. Biz sənətkarların qarşısında oxumuşuq. O vaxt oxumaq çox çətin idi. Onların qabağında oxumaq elə bilirsiniz asan idi? Tir-tir əsirdik ki, biz mahnı aparsaq lağa qoyarlar. Mahnının sözlərinə qədər, bəstəkarına qədər maraqlanırdılar. Söz, bəstəkar senzuradan keçəndən sonra həmin sənətkarlar bizim səsimizə qulaq asırdılar. Geyimimizə, aksesuarlarımıza baxırdılar ki, efirə çıxanda əndrabadi, açıq-saçıq geyim olmasın. Bizi o vaxt tamaşaçılar qəbul etməsəydilər bu gün biz heç səhnədə yox idik. Onların hər birinə təşəkkür edirəm” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər