Ermənistan cəmiyyəti 44 günlük müharibənin nəticələrindən dərs götürməlidir...
Bu gün ADP İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantıda beynəlxalq və regional miqyasda baş verən aktual ictimai-siyasi proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb və bir sıra mühüm məsələlər üzrə partiyanın mövqeyi açıqlanıb.
Toplantıda müzakirə olunan əsas məsələlərdən biri ABŞ ilə İran arasında aparılan danışıqlar prosesi olub. Müzakirələrdə vurğulanıb ki, ABŞ və İran arasında mövcud qarşıdurmanın hərbi və ya gərginlik yolu ilə deyil, məhz danışıqlar vasitəsilə həll olunması mühüm əhəmiyyət kəsb edir. Qeyd edilib ki, bu qarşıdurmanın sülh yolu ilə nizamlanması təkcə tərəf dövlətlərin deyil, eyni zamanda region ölkələrinin və bütövlükdə beynəlxalq ictimaiyyətin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına xidmət edir. Danışıqlar prosesinin davam etdirilməsini məqsədəuyğun hesab edən müzakirə iştirakçıları eyni zamanda Pakistanın sözügedən danışıqlara ev sahibliyi etməsini və prosesdə təşəbbüskar mövqe nümayiş etdirməsini müsbət qiymətləndirib, bu istiqamətdə səylərin daha qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb.
İdarə Heyətində ötən həftə Türkiyənin Antalya şəhərində keçirilmiş Diplomatiya Forumu ətrafında da fikir mübadiləsi aparılıb. 140-dan artıq ölkənin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi forumda qlobal sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində aparılan müzakirələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan müzakirə iştirakçıları müasir dövrdə BMT və bəzi digər beynəlxalq təşkilatların fəaliyyətində müşahidə olunan səmərəsizlik və operativ qərarvermə mexanizmlərinin zəifləməsi fonunda belə təşəbbüslərin rolunun artırılmasının, Antalya Diplomatiya Forumunun gələcəkdə daha da inkişaf etdirilməsinin, beynəlxalq problemlərin müzakirəsi və həlli üçün effektiv, çevik və inklüziv platformaya çevrilməsinin zəruriliyini qeyd ediblər.
İdarə Heyəti Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə də bir daha diqqət çəkib. Qeyd edilib ki, uzun müddətdir davam edən bu münaqişə regionda və bütövlükdə beynəlxalq müstəvidə ciddi humanitar, siyasi və iqtisadi nəticələr doğurmaqdadır. Mövcud münaqişənin həllinin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməklə mümkün olduğu bir daha qeyd edilib. Bu baxımdan tərəflərin birbaşa danışıqlara üstünlük verməsi, atəşkəsin təmin olunması və davamlı sülhün əldə edilməsi istiqamətində səylərin artırılmasının zəruriliyi bildirilib.
İdarə Heyəti Ermənistanda yaxınlaşan parlament seçkiləri ərəfəsində bu ölkədə müşahidə olunan ictimai-siyasi proseslər ətrafında da müzakirə aparıb. Müzakirələr zamanı seçkilərdə iştirak edən siyasi qüvvələr arasında hazırkı Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi xəttin davam etməsi, ümumilikdə regionda sülh və sabitliyin möhkəmlənməsi baxımından daha məqsədəuyğun hesab edilib. İdarə Heyəti Ermənistan cəmiyyətini 44 günlük müharibənin nəticələrindən dərs götürməyə, region üçün yeni risklər yarada biləcək revanşist qvvələrin arxaqsınca getməməyə, qarşılarında duran əsas seçim sabitlik, inkişaf və regionda davamlı sülhə töhfə verə biləcək siyasi kursu dəstəkləməyə çağırıb.
İdarə Heyəti Rusiya Federasiyası Dövlət Dumasında xaricdə həbs olunan Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya Silahlı Qüvvələrinin tətbiqinə imkan verən qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə münasibət bildirib. Müzakirələr zamanı qeyd edilib ki, bu cür qanunvericilik təşəbbüsləri beynəlxalq hüququn prinsipləri və dövlətlərin suverenliyi baxımından ciddi narahatlıq doğurur. Bildirilib ki, xaricdə saxlanılan Rusiya vətəndaşlarının müdafiəsi adı altında hərbi güc tətbiqinə hüquqi əsas yaratmaq cəhdləri sui-istifadə risklərini artırır və bu kimi mexanizmlərdən geosiyasi məqsədlər üçün istifadə olunması ehtimalı istisna edilmir. İdarə Heyəti Azərbaycan Respublikasının müvafiq qurumlarına çağırış edərək, ölkəyə giriş-çıxış rejiminə nəzarətin daha da gücləndirilməsini, xüsusilə risk yarada biləcək halların qarşısının alınması üçün preventiv tədbirlərin artırılmasını məqsədəuyğun hesab edib.
İdarə Heyəti son günlər mediada geniş müzakirə olunan Azərbaycanın müxtəlif rusdilli platformalarda və təşkilatlarda təmsil olunması ilə bağlı məsələni də müzakirə edib. Qeyd edilib ki, Azərbaycanın bu tip qurumlarda iştirakı nə milli maraqlar, nə də müstəqil dövlət siyasəti baxımından zəruri hesab edilə bilməz. İdarə Heyəti bəyan edib ki, bu kimi platformalar çox zaman humanitar və ya mədəni əməkdaşlıq adı altında təqdim olunsa da, əslində müəyyən geosiyasi təsir alətləri kimi çıxış edə bilər. Bildirilib ki, Rusiya Federasiyası tarixən müxtəlif regionlarda “yumşaq güc” vasitələri, o cümlədən dil və mədəniyyət platformaları üzərindən təsir imkanlarını genişləndirməyə çalışır, bu cür təşəbbüslərin region ölkələrinin daxili işlərinə dolayı təsir mexanizmi kimi istifadə oluna biləcəyi istisna deyil. İdarə Heyəti hesab edib ki, dövlətin informasiya, mədəniyyət və xarici siyasət sahələrində müstəqilliyinin qorunması strateji əhəmiyyət kəsb edir və bu istiqamətdə daha həssas yanaşmanın nümayiş etdirilməsi vacibdir.
İdarə Heyəti Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin 25 dekabr 2024-cü il tarixdə Rusiya hava məkanında vurulmuş Azərbaycan Hava Yollarına məxsus mülki təyyarə ilə bağlı açıqlamalarına münasibət bildirib. Məlum açıqlamada hadisənin guya qeyri-ixtiyari şəkildə, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində baş verdiyinin bildirilməsini qəbul edilməz olduğunu bəyan edən İdarə Heyəti ciddi beynəlxalq hüquq pozuntusu olan bu hadisənin bütün detalları ilə, şəffaf və beynəlxalq hüquq normaları çərçivəsində araşdırılmasının, eyni zamanda, hadisə nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının ailələrinə adekvat və ədalətli kompensasiyanın ödənilməsinin vacibliyini vurğulayıb.
İdarə Heyəti mətbuatda geniş müzakirə olunan Baş nazir Əli Əsədova məxsus olduğu iddia edilən əmlak siyahıları ilə bağlı müzakirə aparıb. Müzakirələr zamanı qeyd edilib ki, ictimaiyyətə təqdim olunan bu kimi məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurur, dövlət məmurları ilə bağlı bu tip halların vaxtaşırı olaraq gündəmə gəlməsi ölkədə korrupsiya və rüşvətxorluqla mübarizənin yetərli səviyyədə aparılmadığını göstərir. İdarə Heyəti hesab edib ki, dövlət məmurlarının qanunsuz yollarla əmlak əldə etməsi ilə bağlı iddiaların artması sistemli problemlərin mövcudluğuna işarə edir və bu istiqamətdə daha təsirli institusional tədbirlərin görülməsi zəruridir.
İdarə Heyəti ADP Ali Məclisinin üzvü, “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı internet televiziyasının baş redaktoru Vüqar Məmmədovun cinayət işi üzrə istintaq mərhələsinin başa çatdığı və işin məhkəmə baxışına verilməsi mərhələsinə keçid gözlənildiyi barədə məlumata da münasibət bildirib. İdarə Heyəti ümidvar olduğunu ifadə edib ki, məhkəmə prosesi çərçivəsində bütün faktlar hərtərəfli və ədalətli şəkildə araşdırılacaq, nəticə etibarilə isə hüquqi qiymətləndirmə obyektiv prinsiplərə əsaslanacaqdır ki, bu prosesin beynəlxalq standartlara uyğun şəkildə aparılması həm daxili, həm də xarici ictimai rəy üçün vacib əhəmiyyət daşıyacaq.