“Azərbaycan iqlim dəyişikliyi, xüsusilə su ehtiyatlarının azalması və nəticə etibarilə su təchizatı ilə bağlı problemlərlə üzləşir”.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko İqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda deyib.
“Azərbaycan iqlim dəyişikliyi, xüsusilə də su təchizatı məsələlərində çətinliklərlə üzləşir. Aİ su resurslarının idarə edilməsində dayanıqlı inkişafa nail olmaq üçün Azərbaycana dəstəyini davam etdirəcək. Azərbaycan həmçinin 2050-ci ilə qədər qaz emissiyalarını sıfıra endirməyi hədəfləyir”, - deyə o əlavə edib.
P.Mixalko bildirib ki, Aİ ilə Azərbaycan arasında yeni saziş üzərində iş davam edir və bu sənəddə bir çox sahələrə, o cümlədən ətraf mühit və dekarbonizasiya ilə bağlı məsələlərə toxunulacaq: “Aİ iqlim baxımından neytral və dayanıqlı inkişafı, inklüziv “yaşıl” dairəvi iqtisadiyyata keçidi, ekosistemlərin, təbii ehtiyatların, həmçinin qlobal ümumi nemətlərin qorunması və davamlı istifadəsini təşviq etmək yolu ilə beynəlxalq əməkdaşlığa üstünlük verir”.
O vurğulayıb ki, Aİ və Azərbaycan hökuməti arasında güclü tərəfdaşlığın bir hissəsi olan “EU4Climate” proqramı çərçivəsində Avropa İttifaqı iqlim dəyişikliyi ilə mübarizə üzrə milli səviyyədə müəyyən edilmiş məqsədləri yeniləmək və genişləndirmək öhdəliyində Azərbaycana dəstək göstərir: "Bu öhdəliklər iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin milli inkişaf planına inteqrasiyası üçün Paris Sazişinə uyğun olaraq formalaşır. İqlim dəyişikliyi ilə bağlı qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılması da çox vacibdir”.