"Biz inanırıq və gözləyirik ki, İranın İslam Şurası Məclisi (parlament) tezliklə müvafiq qətnamə qəbul edərək Xocalı soyqırımını rəsmi surətdə də soyqırımı kimi tanıyacaq".
Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə mətbuat konfransında Trend-in sualına cavab olaraq deyib.
Ə.Əlizadənin sözlərinə görə, müxtəlif vaxtlarda İranın millət vəkilləri, eyni zamanda, ötən il İran-Azərbaycan dostluq qrupu da Xocalı soyqırımını qınamış və pisləmişdir. Xocalı soyqırımı bəşəriyyət əleyhinə olan cinayətdir.
"30 il işğal dövrü ərzində, Ermənistan ordusunun, hərbi birləşmələrinin Azərbaycanın torpaqlarının qanunsuz işğalı dövründə İran dövləti də Azərbaycana dəstəyini göstərərək Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişdir.
Həmçinin, 44 günlük Vətən müharibəsi dövründə də İranın Ali Lideri və hökuməti də açıqlamalar verərək Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini bildirmişlər", - deyə o qeyd edib.