Ermənistan parlamentində Şuşa Bəyannaməsinin müzakirəsilə bağlı növbədənkənar iclasın keçirilməsi baş tutmayıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumatda deyilir ki, hakim partiyanın “Vətəndaş müqaviləsi” deputat fraksiyası bu təşəbbüsün reallaşmasına imkan verməyib. Belə ki, 107 deputatdan yalnız 29-u iclasa qatılıb. Beləliklə, iclasın keçirilməsi üçün 54 nəfərlik kvorum baş tutmayıb. Hakim çoxluğun iclasda iştirak edən yeganə iştirakçısı vitse-spiker Akop Arşakyan olub.
Əvvəlcədən elan olunmuşdu ki, “Hayastan” deputat fraksiyası Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini müzakirə etmək üçün növbədənkənar iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bundan əvvəl hazırlanan “layihə” Ermənistan parlamentinin müvafiq komissiyasında da dəstək qazanmamışdı. Bununla da erməni revanşistlər növbəti dəfə zərbə almış oldular.