“Azərbaycan öz prinsipial mövqeyini daim səsləndirir. Bu mövqe ondan ibarətdir ki, sülh prosesini ölü nöqtədən tərpətmək üçün Ermənistan Silahlı Qüvvələri ən azı Azərbaycanın işğal altında olan ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır”.
Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bu gün ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə toxunan Elman Abdullayev bildirib ki, erməni qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmağa başlaması sülh prosesinin davam etdirilməsinə baza yarada bilər.
Elman Abdullayevin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində olması sülh prosesini irəli aparmağa imkan vermir: “Beynəlxalq ictimaiyyəti həmişə çaşdırmağa çalışan erməni tərəfi münaqişənin nizamlanması prosesini uzatmaqla öz işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Dünya ictimaiyyəti artıq bu məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Beynəlxalq təşkilatların qəbul etdiyi bütün sənədlərdə Ermənistan təcavüzkar ölkə kimi qəbul olunur. Dünya birliyi rəsmi İrəvana layiqli şəkildə təzyiq göstərməlidir. Çünki sülh prosesinin irəliləməsinə Ermənistanın siyasi iradə nümayiş etdirməməsi və ortaya qeyri-konstruktiv mövqe qoymasıdır”.