Müxalifət qüvvələrinin Milli Şurada birləşən
koalisiyası bu gün vahid namizəd məsələsini həll elədilər. Gözlənildiyi kimi,
o, Ziyalılar Forumunun və Milli Şuranın sədri Rüstəm İbrahimbəyov oldu.
Milli
Şuranın qərarı elan olunandan dərhal sonra əməkdaşımız hazırda Moskvada olan
İbrahimbəyova telefon açaraq suallarını cavablandırmağı xahiş edib.
- Siz
müxalifətin prezident seçkilərindəki vahid namizədi oldunuz. Bəs Azərbaycana nə
zaman qayıdırsınız?
-
Mənim indi işlərim var. Avropaya getməliyəm. Avropa təşkilatları ilə
görüşməliyəm. Həmçinin Türkiyəyə gedəcəyəm. Yəni xaricdə xeyli işim var. Onları
başa çatdırandan sonra seçkilərə az qalmış mən Azərbaycana mütləq qayıdacağam.
Başqa cür necə ola bilər ki?! Buna heç bir şübhəniz olmasın. Normal bir adam
kimi başa düşürəm ki, Azərbaycan rəhbərliyindən nələri gözləmək olar. Lakin mən
qəti şəkildə əminəm ki, mənim problemlərimin mənim payıma düşən missiya ilə heç
bir əlaqəsi yoxdur. Mən bu missiyanı minnətdarlıq hissi ilə qəbul edirəm.
Ölkəyə gələcəyəm və məni dəstəkləyən insanların ümid və inamlarını doğrultmaq
üçün məndən asılı olan hər şeyi edəcəyəm. Qəti əminəm ki, Azərbaycan əhalisinin
əksəriyyəti məni dəstəkləyir. Ona da əminəm ki, Azərbaycan hakimiyyəti
seçkiləri saxtalaşdırmaq üçün hər şeyə gedəcək. İndi əsas məsələ bu
saxtakarlığa mane olmaqdır. Ona görə də ölkəyə qayıtmağım ləngiyir. Ümid edirəm
ki, əgər məni həbs etsələr, bu, ümumi işin xeyrinə olacaq. Xalq birdəfəlik başa
düşəcək ki, onun qarşısındakı rəhbərlik antidemokratik mahiyyətə malikdir. Buna
görə də mənim həbsim işlərin xeyrinə olacaq. Mən hadisələrin bu cür cərəyan
edəcəyini istisna etmirəm və qorxmuram.
- Bəs
siz hakimiyyətin dəyişilməsi mexanizmini necə təsəvvür edirsiniz?
-
Hakimiyyətin dəyişilməsi mexanizmi mütləq mənada konstitusion xarakterlidir. O,
əsas qanunda da yazılıb. Yeni nəsə icad etməyə gərək yoxdur. Hadisələrin
sonrakı inkişafı məsələsinə gəlincə isə bunlar Milli Şuranın bəyanatlarında
ətraflı əks olunub. Milli Şuranın vahid namizədi bu məsələlərə riayət etməlidir
Qəti əminəm ki, seçkiləri saxtalaşdırmaq cəhdləri olacaq. Bunu artıq 20 ildir
edirlər. (virtualaz.org)