Suriyadakı hərbi əməliyyatlarda iştirak edən rus təyyarələrinin Türkiyənin hava məkanını pozması Türkiyə-Rusiya münasibətlərində gərginliyə səbəb olub. Baş verənlərlə bağlı Kremldən izahat tələb edən Türkiyənin ardınca, NATO da Rusiyaya yönəlik ittiham xarakterli bəyanatla çıxış edib. Türkiyəyə məxsus hava sərhəddinin pozulmasını təsadüf hesab etmədiklərini qeyd edən NATO, Türkiyəyə hərbi yardım göstərməyə hazır olduğunu bildirib.
Maraqlıdır, NATO və onun aparıcı dövləti olan ABŞ özünün ənənəvi
rəqibi olan Rusiyanı neytrallaşdırmaq üçün Türkiyə faktorundan istifadə edə bilərmi?
Qərb Türkiyə və Rusiya arasında qarşıdurma olmasına maraq göstərə bilərmi?
Mümkündürmü ki, Qərb Rusiya ilə haqq-hesabı türk əsgərinin qanı və canı
hesabına çəkməyə can atsın?
Məsələ ilə bağlı Moderator.az-a
açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun
Oruclu NATO-nun Türkiyə-Rusiya qarşıdurmasında maraqlı olmadığını bildirib:
“Mən düşünmürəm ki, NATO
bu məsələdə maraqlı ola bilər. Türkiyə-Rusiya qarşıdurması baş verəcəyi təqdirdə
NATO müqaviləsinin 5-ci bəndinə əsasən sözügedən qurum qarşıdurmaya müdaxilə
etməlidir. Bunun başqa yolu, başqa alternativi yoxdur. Mən belə bir
qarşıdurmada NATO-nun maraqlı olduğunu təəsvvür belə eləmirəm. Sadəcə olaraq,
Rusiya özünü son dərəcə ərköyün aparmağa başlayıb. Türkiyə və NATO isə bununla
bağlı Rusiayaya xəbərdarlıq edib. Qanunlar deyir ki, ölkənin hava məkanı müntəzəm
olaraq xarici dövlətlər tərəfindən pozulursa, müvafiq xəbərdarlıqlardan sonra
onun qarşısı sərt şəkildə alınmalıdır. Bu, birmənalıdır və lazım gələrsə Türkiyə
də məhz bu cür hərəkət edəcək”.
Seymur Əliyev