Amerikanın Arizona Ştatının Senatı cari ilin 25 fevral tarixində Xocalı soyqırımının tanınmasına dair qətnaməni qəbul edib. Qətnamə Senatın plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Məlumat üçün qeyd edək ki, bundan öncə də ABŞ-ın bəzi ştatları, eləcə də dünyanın bəzi ölkələri tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı müxtəlif sənəd və qətnamələrə qəbul edilib.
Maraqlıdır,
Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması bu soyqırımının
sifarişçiləri və icraçılarının hüquqi baxımdan məsuliyyətə cəlb edilməsinə gətirib
çıxarda bilərmi? Mümkündürmü ki, soyqırımının tanınması ilə bağlı qəbul edilən
qətnamələr cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün sitimul rolunu
oynasın?
Bununla
bağlı Moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev Xocalı
soyqırımının ayrı-ayrı dövlətlər və ştatlar tərəfindən tanınmasının olduqca
mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. R.Rzayevin sözlərinə
görə, bütün bunlar gələcəkdə Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb
edilməsi baxımından olduqca önəmlidir:
"Xocalı soyqırımının dünya dövlətləri tərəfindən
tanınmasının əhəmiyyəti olduqca böyükdür. Dünya birliyi, beynəlxalq
ictimaiyyət Xocalı soyqırımı ilə bağlı nə qədər çox məlumatlandırılacaqsa, bu,
həmin soyqırımının icraçılarının və sifarişçilərinin məsuliyyətə cəlb edilməsi
məsələsini bir o qədər asanlaşdıracaq. Şübhəsiz ki, bütün bu işlərin sonunda hərbi
tribunal dayanır və Xocalı soyqırımı kimi tarixi bir qətliama imza atan şəxslər
hökmən hərbi tribunal qarşısında öz etdiklərinə görə cavab verməli olacaq. Biz
buna nail olacayıq".
R.Rzayevin
sözlərinə görə, bugünlərdə İsrail prezidentinin Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi
fikirlər də, bu istiqamətdə önəmli işlərin görüldüyünü təsdiqlədi:
"Xocalı
soyqırımının tanıdılması istiqamətində çox ciddi və sistemli işlər
aparılmaqdadır. Təsadüfi deyil ki, İsrailin prezidenti yaxın günlərdə BMT
Baş Assambleyasında çıxışı zamanı qeyd edib ki, Holokost soyqımından sonra bəşəriyyətə
qarşı törədilən ən böyük soyqırım Xocalı soyqırımıdır və Ermənistan buna görə
cavab verməlidir".
R.Rzayevin
bildirdiyinə görə, Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra Ermənistan
siyasi hakimiyyətində təmsil olunanların məsuliyyətə cəlb edilməsinə çalışacaq.
Millət vəkili hesab edir ki, hazırda Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında keçirilən "Xocalıya ədalət"
kampaniyası bu baxımdan olduqca mühüm əhəmiyyətə malikdir:
"Xocalı soyqırımının təşkilində iştirak
edən, baş verənlərdə rol alan hər bir erməninin məsuliyyətə cəlb edilməsi
olduqca vacibdir və bu məsələdə Azərbaycanın möqeyi birmənalıdır. Biz
öz ərazi bütövlüyümüzü təmin edəndən sonra bu istiqamətdə də zəruri olan bütün
addımları atacayıq. Ərazi bütövlüyümüzün təmin edilməsindən sonra Ermənistan
siyasi hakimiyyətində təmsil olunanların məsuliyyətə cəlb edilməsinə
çalışacayıq. Biz hökmən buna nail olacayıq. Mən buna əminəm. Bu baxımdan,
hazırda aparılan işlər, xüsusilə də Leyla xanım Əliyevanın rəhbərliyi ilə
aparılan "Xocalıya ədalət" kampaniyası olduqca önəmlidir. İnşallah,
biz bu istiqamətdə qarşımıza qoyduğumuz bütün hədəflərə çatacayıq".
Seymur Əliyev