“Pakistan baş nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək”
Gündəm
2454
18 Jun 2023 | 20:52

“Pakistan baş nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək”

“Pakistan və Azərbaycan arasında mövcud olan ikitərəfli münasibətlər dostluq, qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulmuşdur. İki ölkə arasında münasibətlər öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə olunur. Pakistan 1991-ci ildə Türkiyə və Ruminiyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü dövlətdir. Pakistan əsl qardaşlıq nümayiş etdirərək Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığına görə Ermənistanı dövlət kimi tanımamışdır. Azərbaycan da eyni zamanda Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləmişdir. İki ölkə arasında tarixi bağlara əsaslanan münasibətlər ötən otuz il ərzində dinamik inkişaf yolu keçmiş, İkinci Qarabağ müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək bu münaisbətləri qırılmaz bağlarla möhkəmləndirmişdir. Belə ki, Pakistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana olan münasibət birmənalı olaraq dəyişməz qalır. Əlbəttə, bu ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir”.

 

Bu fikirləri Moderator.az-a  açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat bildirib ki,  istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə  Pakistan Azərbaycana dəstəyini açıq mətnlə nümayiş etdirmişdir. Bir məqamı xüsusilə xatırlatmalıyıq ki, 1993-cü il aprelin 30-da keçmiş Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib. Onu da qeyd etməliyik ki, Azərbaycan da Kəşmir məsələsində hər zaman Pakistana dəstəyini birmənalı olaraq nümayiş etdirmişdir. Onu da deməliyik ki, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin Pakistana səfəri ölkələrimiz arasında münasiibətlərin inkişafına olduqca müsbət təsir etmişdir. Ötən dövr ərzində Prezident lham Əliyevin prezidentliyi dövründə də Azərbaycan və Pakistan arasında bir çox sahələrdə əməkdaşlıq imkanları geniş vüsət almış, xalqlarımız arasında mədəni əlaqələr daha da möhkəmlənmişdir.

 

Fikirlərinin davamı olaraq, millət vəkili Tamam Cəfərova Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də Azərbaycanda rəsmi səfərdə olmasının iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcəyini deyib. Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Onu da qeyd edək ki,  iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər. Həmçinin, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənəcəyini deyə bilərik. Şübəsiz ki, birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var.  Dünyada baş verən mürəkkəb proseslər göz qabağındadır.Vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantına çevrilmişdir.

 

Əminliklə deyə bilərik ki, Pakistan və Azərbaycan arasında əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür. Bu isə iki ölkənin beynəlxalq münaisbətlər sistemində bir-birinin mövqeyini müdafiə etməsi və gələcəyə birgə addımlaması baxımından olduqca mühüm amildir. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

Link kopyalandı!
Son xəbərlər